Səhm və istiqraz alqı-satqısından əldə olunan gəlirlərə 5 il müddətinə vergi güzəşti tətbiq edilə bilər

İqtisadiyyat Xəbər 18 Noyabr 2026 11:50 (UTC +04:00)
Səhm və istiqraz alqı-satqısından əldə olunan gəlirlərə 5 il müddətinə vergi güzəşti tətbiq edilə bilər
Sadiq Cavadov
Sadiq Cavadov
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda fiziki şəxslərin kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhm və istiqrazların alqı-satqısından əldə etdikləri gəlirlərə 2027-ci il yanvarın 1-dən etibarən 5 il müddətinə 50 faiz gəlir vergisi güzəştinin tətbiqi təklif olunur.

Bu məsələ Azərbaycan Respublikasının Meşə Məcəlləsində, Cinayət, Vergi və İnzibati Xətalar məcəllələrində, eləcə də bir sıra digər qanunlarda dəyişiklikləri nəzərdə tutan qanun layihəsində əksini tapıb.

Təklifə əsasən, qeyd olunan səhm və istiqrazların alqı-satqısı əməliyyatlarından əldə edilən gəlirlər üzrə vergilərin investisiya şirkətləri vasitəsilə ödəmə mənbəyində tutulması nəzərdə tutulur. Eyni zamanda, 2027-ci il yanvarın 1-dən başlayaraq beş il müddətində gəlir vergisi üzrə 50 faizlik güzəştin tətbiqi təklif edilir.

Qanun layihəsinin əsaslandırmasında bildirilir ki, hazırda fiziki şəxslərin investisiya şirkətləri vasitəsilə həyata keçirdikləri səhm və istiqraz alqı-satqısı əməliyyatlarından əldə etdikləri gəlirlərin vergiyə cəlb olunması mexanizmi praktik baxımdan kifayət qədər aydın və effektiv tətbiq edilmir.

Qeyd olunur ki, fiziki şəxslərin əhəmiyyətli hissəsində vergi uçotunun aparılması, kapital artımının düzgün hesablanması və illik vergi bəyannamələrinin təqdim edilməsi ilə bağlı vərdişlərin formalaşmaması vergi öhdəliklərinin tam və düzgün yerinə yetirilməməsi riskini yaradır. Bu isə vergi inzibatçılığına əlavə yük gətirməklə yanaşı, potensial vergi itkilərinə də səbəb ola bilər.

Təklif olunan mexanizmin tətbiqi zamanı investisiya şirkətləri səhm və istiqrazların alış və satış qiymətləri arasındakı fərqi, eləcə də əməliyyatlarla bağlı xərcləri müəyyən edərək fiziki şəxslərin əldə etdiyi xalis gəlir üzrə vergini ödəmə mənbəyində tutacaqlar.

Əsaslandırmada vurğulanır ki, bu yanaşma vergitutma prosesinin sadələşdirilməsinə, şəffaflığın artırılmasına, fiziki şəxslərin inzibati yükünün azaldılmasına və vergi intizamının gücləndirilməsinə xidmət edəcək. Bununla yanaşı, yeni mexanizmin kapital bazarında əməliyyatların rəsmi müstəvidə aparılmasını stimullaşdıracağı və dövlət büdcəsinə daxilolmaların daha sabit və proqnozlaşdırılan olmasına imkan yaradacağı gözlənilir.

Qeyd edək ki, qanun layihəsi Milli Məclisin bugünkü plenar iclasında müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti