Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankı (AMB) və Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yerləşən “ROX Capital Group” investisiya şirkəti arasında bank sektoruna investisiya imkanları müzakirə edilib.
Bu barədə AMB məlumat yayıb.
Məlumata əsasən, Mərkəzi Bankın sədrinin birinci müavini Əliyar
Məmmədyarov “ROX Capital Group” şirkətinin rəhbəri Nquyen Huonq
Loan ilə görüşüb.
Görüş zamanı ölkənin maliyyə sektorunun cari vəziyyəti, sektorun
dayanıqlılığının artırılması üzrə həyata keçirilmiş islahatlar,
maliyyə sektoruna investisiya imkanları, eləcə də “ROX Group”un
fəaliyyəti, bank sektorunun inkişafına dair yanaşmaları və
təşəbbüsləri müzakirə edilib. Bununla yanaşı, bank sektorunda
kreditləşmə, prudensial tələblər və bank qanunvericiliyi məsələləri
diqqət mərkəzində olub.
Görüşdə həmçinin qarşılıqlı maraq kəsb edən sahələr və gələcək
əməkdaşlıq istiqamətləri üzrə mümkün növbəti addımlar ətrafında
fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, “ROX Capital Group” uzunmüddətli investisiyalar üzrə ixtisaslaşan şirkətdir. Şirkətin rəsmi təqdimatına əsasən, onun əsas investisiya istiqamətlərinə enerji, ərzaq və su ehtiyatları, infrastruktur, faydalı qazıntılar və müdafiə sənayesi daxildir.
Şirkət kapitalını infrastruktur layihələrinə, açıq maliyyə bazarlarına və startaplara yönəldir. İnvestisiya strategiyasında gələcək iqtisadiyyatın fəaliyyət göstərməsi üçün zəruri olan fiziki resurslara və infrastruktur obyektlərinə sahiblik və ya nəzarət əsas prioritetlər kimi müəyyən edilib.
“ROX Capital Group”un rəsmi saytında şirkətin BƏƏ-nin Dubay şəhərində qeydiyyat ünvanı göstərilir. Şirkət, həmçinin BƏƏ və Omanda enerji saxlama sistemlərinin genişləndirilməsi istiqamətində fəaliyyət göstərdiyini bildirir.
