Bakı.Trend:
İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Təmiz Enerji Mərkəzi (CECECO) və İqtisadi Əməkdaşlıq Təşkilatının Elm Fondu (ECOSF) İƏT regionunda təmiz enerji, elmi tədqiqatlar, innovasiyalar və dayanıqlı inkişaf sahələrində əməkdaşlığın gücləndirilməsinə yönəlmiş anlaşma memorandumu imzalayıblar.
CECECO-nun məlumatında bildirilir ki, sənədi mərkəzin icraçı direktoru Aysel Yaqubova və İƏT Elm Fondunun prezidenti Seyed Komeyl Tayebi imzalayıblar.
Razılaşma birgə elmi tədqiqatların aparılmasını, potensialın artırılması təşəbbüslərinin həyata keçirilməsini, bilik mübadiləsini, həmçinin bərpaolunan enerji və enerji səmərəliliyi sahələrində regional əməkdaşlığın gücləndirilməsini nəzərdə tutur.
Təşkilatlar arasında qarşılıqlı fəaliyyətin elmi-texniki əməkdaşlığın inkişafına və İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrdə dayanıqlı enerji həllərinin təşviqinə töhfə verəcəyi gözlənilir.
CECECO hökumətlərarası regional təşkilatdır və onun fəaliyyəti İƏT-ə üzv ölkələrdə təmiz enerji sahəsində təşəbbüslərin təşviqinə yönəlib.
CECECO-nun mənzil-qərargahı Bakıda yerləşir. Mərkəz Birləşmiş Millətlər Təşkilatının Sənaye İnkişafı Təşkilatının (UNIDO) Dayanıqlı Enerji üzrə Regional Mərkəzlərinin Qlobal Şəbəkəsinin (GN-SEC) üzvüdür.
Təşkilatın missiyası bərpaolunan enerji və enerji səmərəliliyi sahələrində investisiya layihələrinin həyata keçirilməsinə dəstək göstərmək, maliyyə və texniki resursları cəlb etmək, eləcə də əməkdaşlıq və potensialın artırılması vasitəsilə iqlim təşəbbüslərini təşviq etməkdir.
Mərkəzin nizamnaməsi 2021-ci il noyabrın 27-də İƏT Xarici İşlər Nazirləri Şurası tərəfindən qəbul edilib. Azərbaycan təşkilatın mənzil-qərargahının yerləşəcəyi ev sahibi ölkə kimi müəyyən olunub.
