2031-ci ildən Qarabağ və Şərqi Zəngəzurda işəgötürənlərin sosial sığorta haqlarının 40 faizi subsidiyalaşdırılacaq

İqtisadiyyat Xəbər 18 Noyabr 2026 15:16 (UTC +04:00)
2031-ci ildən Qarabağ və Şərqi Zəngəzurda işəgötürənlərin sosial sığorta haqlarının 40 faizi subsidiyalaşdırılacaq
Sadiq Cavadov
Sadiq Cavadov
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı. Trend:

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında fəaliyyət göstərən qeyri-dövlət sektoru işəgötürənlərinin məcburi dövlət sosial sığorta haqlarının 2031-ci il yanvarın 1-dən 2033-cü il yanvarın 1-dək 40 faizi dövlət tərəfindən subsidiyalaşdırılacaq.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) 8 Noyabr – Zəfər Günü münasibətilə hazırladığı “Invest in Garabagh and Eastern Zangezur” (Qarabağ və Şərqi Zəngəzura investisiya) icmalının üçüncü xüsusi buraxılışında bildirilib.

İcmalda qeyd olunub ki, azad edilmiş ərazilərdə sahibkarlığın inkişafını və investisiya fəallığını təşviq etmək məqsədilə vergi, gömrük, sosial sığorta, kommunal xidmətlər və kreditləşmə sahələrində bir sıra güzəşt və dəstək mexanizmləri tətbiq olunur.

Sosial sığorta haqları mərhələli şəkildə subsidiyalaşdırılacaq

İcmala əsasən, azad edilmiş ərazilərdə qeyri-dövlət sektorunda fəaliyyət göstərən işəgötürənlərin ödədiyi məcburi dövlət sosial sığorta haqları dövlət tərəfindən mərhələli şəkildə subsidiyalaşdırılır.

Mexanizmə əsasən, 2023-cü il yanvarın 1-dən 2026-cı il yanvarın 1-dək sosial sığorta haqlarının 100 faizi dövlət tərəfindən qarşılanıb. 2026-cı il yanvarın 1-dən 2029-cu il yanvarın 1-dək subsidiya 80 faiz, 2029-cu il yanvarın 1-dən 2031-ci il yanvarın 1-dək 60 faiz, 2031-ci il yanvarın 1-dən 2033-cü il yanvarın 1-dək isə 40 faiz təşkil edəcək.

Bununla yanaşı, muzdlu işlə əlaqədar olmayan gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqları 10 il müddətinə tam subsidiyalaşdırılır.

10 il müddətinə vergi və gömrük güzəştləri

İcmalda azad edilmiş ərazilərin rezidentləri üçün tətbiq edilən vergi və gömrük güzəştləri də əksini tapıb.

Belə ki, 2023-cü il yanvarın 1-dən etibarən həmin ərazilərin rezidentləri 10 il müddətinə mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergilərdən azad edilirlər.

Eyni zamanda, azad edilmiş ərazilərdə rezident olan hüquqi şəxslərin səhmdarlarının və iştirakçılarının dividend gəlirləri də 10 il müddətinə vergiyə cəlb edilmir.

Bundan əlavə, müvafiq fəaliyyət sahələrində istifadə üçün ölkəyə idxal edilən avadanlıqlar, eləcə də həmin sahələr üzrə idxal olunan xammal və materiallar 10 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) və gömrük rüsumlarından azaddır.

Kommunal xidmətlərə görə xərclərin 20 faizi qarşılanır

Sahibkarlar üçün nəzərdə tutulan digər dəstək mexanizmi kommunal xidmətlər üzrə maliyyə yardımını əhatə edir.

Belə ki, azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan rezidentlərin kommunal xidmətlərə görə ödədikləri məbləğin 20 faizi dövlət büdcəsi hesabına qarşılanır. Bu dəstək ölkədaxili tariflər əsasında hesablanır.

Sahibkarlara 450 milyon manatadək dövlət zəmanəti

İcmalda sahibkarların maliyyə resurslarına çıxışının genişləndirilməsi üçün dövlət zəmanətli kredit mexanizmi barədə də məlumat verilib.

Bildirilib ki, sahibkarlar üçün nəzərdə tutulan 500 milyon manatlıq (294,1 milyon ABŞ dolları) kredit portfeli üzrə 450 milyon manatadək (264,7 milyon ABŞ dolları) dövlət zəmanəti verilməsi nəzərdə tutulur. Dövlət zəmanəti kredit məbləğinin 90 faizədək hissəsini əhatə edə bilər.

Dövlət zəmanəti ilə verilən kreditlər üzrə illik faiz dərəcəsinin 50 faizi 36 ayadək müddətdə subsidiyalaşdırılır.

Kreditlərin şərtlərinə əsasən, bir borcalan üçün dövlət zəmanətli kreditin məbləği 5 milyon manatı (2,94 milyon ABŞ dolları), əlaqəli borcalanlar qrupu üçün isə 10 milyon manatı (5,88 milyon ABŞ dolları) keçməməlidir.

Kreditlər üzrə illik faiz dərəcəsi maksimum 13 faiz, müddət isə 7 il müəyyən edilib. Güzəşt müddəti kreditin ümumi müddətinin yarısından çox olmamalı və maksimum 36 ay təşkil etməlidir.

Əcnəbilərin işə cəlb edilməsi üzrə güzəştlər

Azad edilmiş ərazilərdə əmək bazarının formalaşması və sahibkarların işçi qüvvəsinə çıxışının asanlaşdırılması məqsədilə əmək miqrasiyası sahəsində də güzəştlər tətbiq olunur.

İcmalda qeyd edilib ki, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə və “Dövlət rüsumu haqqında” qanuna 2022-ci il dekabrın 9-da edilmiş dəyişikliklərə əsasən, 2023-cü il yanvarın 1-dən 2028-ci il yanvarın 1-dək azad edilmiş ərazilərdə əmək fəaliyyəti ilə məşğul olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə xüsusi imkanlar yaradılıb.

Bu çərçivədə onların iş icazələrinin verilməsi və müddətinin uzadılması əmək miqrasiyası kvotası nəzərə alınmadan həyata keçirilir. Həmçinin iş icazəsi üçün müraciətlərə baxılma müddəti 5 iş günü azaldılıb, iş icazələrinin müddətinin hər dəfə maksimum 2 ilədək uzadılması nəzərdə tutulub.

Beləliklə, Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan güzəştlər sahibkarların vergi və sosial sığorta yükünün azaldılmasına, maliyyə resurslarına çıxışının genişləndirilməsinə, istehsal xərclərinin aşağı salınmasına və xarici işçi qüvvəsinin cəlb edilməsinin asanlaşdırılmasına xidmət edir. Bu tədbirlər azad edilmiş ərazilərdə özəl sektorun inkişafı və investisiya mühitinin yaxşılaşdırılması üçün nəzərdə tutulub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti