Qlazqo Universitetində Zəfər Gününə həsr olunan tədbir keçirilib (FOTO)

Cəmiyyət Xəbər 18 Noyabr 2026 15:43 (UTC +04:00)
Qlazqo Universitetində Zəfər Gününə həsr olunan tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Birləşmiş Krallığın nüfuzlu ali təhsil müəssisələrindən olan Qlazqo Universitetində 8 Noyabr – Zəfər Gününün altıncı ildönümünə həsr olunan “Azərbaycanın ruhu: irs və birlik” (“The Spirit of Azerbaijan: Heritage & Unity”) adlı tədbir keçirilib.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, tədbir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Qlazqo Universitetində fəaliyyət göstərən Azərbaycan Tələbə Cəmiyyətinin təşkilatçılığı ilə baş tutub.

Tədbirdə çıxış edən Azərbaycan Tələbə Cəmiyyətinin sədri Xədicə Əliyeva, Birləşmiş Krallıqda yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının üzvü, “Caspian Circle” təşkilatının rəhbəri Fuad Ələkbərov və Şotlandiyada yaşayan hüquqşünas Ceymi Kerr Zəfər Gününün əhəmiyyətindən danışıblar. Çıxışlarda Zəfər Gününün hər bir azərbaycanlı üçün böyük mənəvi dəyər daşıdığı milli qürur və həmrəyliyi ifadə edən əlamətdar tarix olduğu diqqətə çatdırılıb.

Daha sonra cəmiyyətin sədr müavini Ayxan Eyvazov Azərbaycanın tarixi və dövlətçilik ənənələrinə, həmçinin Qarabağa həsr olunan təqdimatla çıxış edib. Təqdimatda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbədən, Şuşanın işğaldan azad olunmasının isə Zəfərin həlledici mərhələlərindən biri kimi tarixə düşməsindən bəhs edilib. Bununla yanaşı, həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri, Böyük Qayıdış Proqramı çərçivəsində doğma yurdlarına qayıdan ailələr üçün yaradılan şərait, eləcə də Qarabağ Universitetinin fəaliyyəti haqqında məlumat verilib.

Tədbirdə, həmçinin cəmiyyətin idarə heyətinin üzvü Ülkər İmanzadənin moderatorluğu ilə Azərbaycan tarixi və mədəniyyətinə həsr olunan viktorina keçirilib. Yarışın qaliblərinə hədiyyələr təqdim olunub.

Bədii hissədə cəmiyyətin üzvü Yunus Muradlı pianoda Dmitri Şostakoviçin məşhur əsərlərini ifa edib.

Xatırladaq ki, tədbirin təşkilində Azərbaycan Tələbə Cəmiyyətinin idarə heyətinin üzvləri Xədicə Əliyeva, Ayxan Eyvazov, Ülkər İmanzadə, Mədinə Əlişova və Turab Xanlarov fəal iştirak edib.

Xəbər lenti

Xəbər lenti