Bakı. Trend:
Bu gün Özbəkistanın paytaxtı Daşkənddə cüdo üzrə gənclər arasında dünya çempionatına start veriləcək.
Yarışın ilk günündə Azərbaycanın altı idmançısı medal uğrunda mübarizə aparacaq.
Oğlanların yarışında Ayxan Mirzəzadə 60 kq, Məhəmməd Musayev isə 66 kq çəki dərəcəsində tatamiyə çıxacaq.
Qızlar arasında Nərgiz Əhmədova 48 kq, Aysun Məmmədova 52 kq, Xədicə Qədəşova və Vüsalə Hacıyeva isə 57 kq çəki dərəcəsində mübarizə aparacaqlar.
İlkin mərhələnin görüşləri Bakı vaxtı ilə saat 07:00-da, final bloku isə saat 16:00-da başlayacaq. Qarşılaşmalar JudoTV platformasında canlı yayımlanacaq.
Qeyd edək ki, Azərbaycan dünya çempionatında doqquz oğlan və beş qız olmaqla, ümumilikdə 14 cüdoçu ilə təmsil olunur. Fərdi yarışlar noyabrın 19-21-də, qarışıq komandaların mübarizəsi isə noyabrın 22-də keçiriləcək.
