DSMF-nin borcları kəskin artıb - Hesablama Palatası

İqtisadiyyat Xəbər 18 Noyabr 2026 17:36 (UTC +04:00)
DSMF-nin borcları kəskin artıb - Hesablama Palatası
Sadiq Cavadov
Sadiq Cavadov
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı. Trend:

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) debitor borcları 2025-ci ilin əvvəlindən 2026-cı il iyulun 1-dək 69,28 milyon manat və ya 26,2%, kreditor borcları isə 35,18 milyon manat və ya 68,9% artıb. Borcların artım dinamikası, onların strukturunda əsas borcun üstünlük təşkil etməsi və dövlət sektorunun yüksək iştirak payı inzibati tənzimləmə mexanizmlərinin gücləndirilməsini zəruri edir.

Bu barədə Hesablama Palatasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2027-ci il büdcəsi ilə bağlı qanun layihəsinə verdiyi rəydə bildirilib.

Rəydə qeyd olunub ki, debitor və kreditor borcların artım tempi, eləcə də dövlət sektorunun bu borclarda yüksək iştirak payı fondun gəlirlərinin proqnozlaşdırılması prosesində müəyyən məhdudiyyətlər yaradır.

Bildirilib ki, debitor borclar məcburi dövlət sosial sığorta haqlarının müəyyən edilmiş müddətdə ödənilməməsi nəticəsində formalaşır. Bu zaman “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, vergi orqanı tərəfindən sığortaedənlərə faiz və maliyyə sanksiyaları tətbiq edilir.

Dövlət Vergi Xidmətinin təqdim etdiyi məlumatlara əsasən, sığortaedənlərin fonda borcu 2025-ci ilin əvvəli ilə müqayisədə 2026-cı ilin əvvəlinə 40,62 milyon manat və ya 15,4% artıb. Cari ilin ilk altı ayında isə bu göstərici daha 28,66 milyon manat və ya 9,4% yüksəlib.

Beləliklə, 2026-cı il iyulun 1-nə fondun debitor borcları 2025-ci ilin əvvəli ilə müqayisədə ümumilikdə 69,28 milyon manat və ya 26,2% artıb.

Fondun sığortaedənlərə borcu, yəni kreditor borcları üzrə də artım qeydə alınıb. Belə ki, bu borclar 2025-ci ilin əvvəli ilə müqayisədə 2026-cı ilin əvvəlinə 30,98 milyon manat və ya 60,7%, cari ilin ilk yarısında isə əlavə olaraq 4,2 milyon manat və ya 5,1% artıb.

Nəticədə 2026-cı il iyulun 1-nə kreditor borcların ümumi artımı 35,18 milyon manat və ya 68,9% təşkil edib.

Hesablama Palatasının qiymətləndirməsinə görə, müqayisə olunan dövrdə debitor borclar mütləq ifadədə daha çox artsa da, nisbi ifadədə kreditor borcların artım tempi daha yüksək olub.

Rəydə fondun debitor və kreditor borclarının tərkibində baş verən dəyişikliklər də təhlil edilib.

Qeyd olunub ki, 2025-ci il yanvarın 1-nə debitor borcların 73,4%-i əsas borcdan, 26,5%-i hesablanmış faiz və maliyyə sanksiyalarından, 0,1%-i isə digər borclardan ibarət olub.

2026-cı il iyulun 1-nə bu göstəricilər müvafiq olaraq 73,9%, 26% və 0,1% təşkil edib. Beləliklə, debitor borcların ümumi həcmi artsa da, onların strukturunda ciddi dəyişiklik baş verməyib.

Kreditor borcların tərkibində isə əsas borcun xüsusi çəkisi daha nəzərəçarpacaq dərəcədə yüksəlib. 2025-ci ilin əvvəlində bu borcların 86,4%-i əsas borcun, 13,4%-i hesablanmış faiz və maliyyə sanksiyalarının, 0,2%-i isə digər borcların payına düşüb.

2026-cı il iyulun 1-nə əsas borcun xüsusi çəkisi 91,9%-ə yüksəlib, hesablanmış faiz və maliyyə sanksiyalarının payı 7,8%-ə enib, digər borcların payı isə 0,3% olub.

Palatanın rəyində vurğulanıb ki, müqayisə olunan dövrdə kreditor borcların ümumi həcminin 68,9% artması ilə yanaşı, əsas borcun məbləği də 35,18 milyon manat yüksəlib. Nəticədə əsas borcun ümumi kreditor borclarında xüsusi çəkisi 5,5 faiz bəndi artıb.

“Kreditor borcun təqdim edilmiş hesabat üzrə formalaşmış məbləğdən daha artıq məbləğdə vəsaitin ödənilməsi hesabına formalaşan borc olduğunu nəzərə alsaq, bu borcun artım tempi nümayiş etdirməsi fondun bu mənbə üzrə büdcə gəlirlərinin proqnoz göstəricilərinin potensial sərhədlərinin dəqiqləşməməsinə səbəb olur”, – deyə rəydə bildirilib.

Hesablama Palatası debitor borcların sığortaedənlərin mülkiyyət və təşkilati kateqoriyaları üzrə bölgüsünü də təhlil edib.

Məlumata görə, büdcə təşkilatlarının debitor borclardakı xüsusi çəkisi 2025-ci ilin əvvəlində 1,2%, 2026-cı ilin əvvəlində 1,3%, cari ilin ilk yarısının sonunda isə 0,8% təşkil edib.

Əsas iri sığortaedənlərin payı müvafiq dövrlər üzrə 12,1%, 11,1% və 11,3%, dövlət mülkiyyətində olan digər təşkilatların payı 25,9%, 22,7% və 21,4%, bələdiyyə mülkiyyətində olan təşkilatların payı isə 2,7%, 2% və 2,1% olub.

Digər hüquqi şəxslərin debitor borclardakı xüsusi çəkisi 2025-ci ilin əvvəlindəki 37,9%-dən 2026-cı il iyulun 1-nə 45,5%-ə yüksəlib. Fiziki şəxslərin payı isə 20,3%-dən 18,9%-ə enib.

Rəydə bildirilir ki, 2025-ci ilin əvvəli ilə müqayisədə 2026-cı ilin ilk yarısının sonunda fondun debitor borclarının artmasına əsasən qeyri-büdcə sektoruna daxil olan digər hüquqi və fiziki şəxslərin borcları təsir göstərib.

Belə ki, digər hüquqi şəxslərin fonda borcu müqayisə olunan dövrdə 51,9 milyon manat və ya 51,8%, fiziki şəxslərin borcu isə 9,47 milyon manat və ya 17,6% artıb.

Kreditor borcların artımında da qeyri-büdcə sektorunun payı üstünlük təşkil edib. Belə ki, büdcə təşkilatlarının kreditor borclarının artımı 10,21 milyon manat olmaqla ümumi artımın 29%-ni təşkil edib. Qeyri-büdcə sektoru üzrə isə bu göstərici 24,97 milyon manat və ya ümumi artımın 71%-i səviyyəsində olub.

Hesablama Palatası hesab edir ki, debitor və kreditor borcların nəzərəçarpacaq artımı, hər iki göstəricidə əsas borcun üstünlük təşkil etməsi, eləcə də dövlət sektorunda da bu tendensiyanın müşahidə olunması inzibati tənzimləmə mexanizmlərinin daha da gücləndirilməsinin vacibliyini göstərir.

Rəydə bu amillərin DSMF-nin gəlirlərinin proqnozlaşdırılması zamanı nəzərə alınmasının əhəmiyyəti də vurğulanıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti