Qarabağ və Şərqi Zəngəzur turizm xəritəsində – hansı imkanlar var?

İqtisadiyyat Xəbər 18 Noyabr 2026 16:07 (UTC +04:00)
Qarabağ və Şərqi Zəngəzur turizm xəritəsində – hansı imkanlar var?
Aləmdə Nəsib
Aləmdə Nəsib
Bütün xəbərlər

Azərbaycanın işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa və quruculuq işləri davam etdirilir.

Regionların sosial infrastrukturu yenidən qurulur, təhsil və səhiyyə müəssisələri yaradılır, turizm potensialının reallaşdırılması istiqamətində layihələr həyata keçirilir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Invest in Garabagh and Eastern Zangezur” hesabatına əsasən, Xankəndidə fəaliyyət göstərən Qarabağ Universitetində 9 fakültə üzrə 49 akademik proqram təklif olunur.

Bununla yanaşı, regionda ümumilikdə 40 təhsil müəssisəsi tikilərək istifadəyə verilib. Təhsil infrastrukturu üzrə tikinti və inkişaf işləri bütün azad edilmiş əraziləri əhatə edir.

Səhiyyə sahəsində də mühüm işlər görülüb. Hazırda azad edilmiş ərazilərdə ümumilikdə 20 səhiyyə müəssisəsi fəaliyyət göstərir. Bu müəssisələrə modul tipli xəstəxanalar, mərkəzi rayon xəstəxanaları, poliklinika, ailə sağlamlıq mərkəzləri və tibb məntəqələri daxildir.

Hesabatda səhiyyə infrastrukturu üzrə tikinti işlərinin bütün azad edilmiş əraziləri əhatə etdiyi qeyd olunur.

Qarabağ və Şərqi Zəngəzurun turizm potensialı da regionun inkişafında mühüm istiqamətlərdən biri kimi qiymətləndirilir. Bu ərazilər Azərbaycanın turizm baxımından zəngin resurslara malik və yüksək potensiallı istiqamətləri sırasında yer alır.

Şuşa, Ağdam, Füzuli və Cəbrayıl zəngin tarixi və mədəni irsi ilə tarixi-mədəni turizmin inkişafı üçün geniş imkanlar yaradır. Xocavənd və Kəlbəcər rayonlarında yerləşən qədim alban kilsələri isə dini turizmin əsas cəlbedici məkanları kimi göstərilir.

Laçın, Kəlbəcər, Qubadlı və Zəngilan rayonları ekoturizm və dağ turizmi üçün əlverişli imkanlara malikdir. Bu ərazilərdə yürüşlər, düşərgələr, təbiət turları və fotoqrafiya kimi turizm fəaliyyətlərinin inkişafı üçün potensial mövcuddur.

Kəlbəcərin məşhur İstisu mineral bulaqları sağlamlıq və termal turizmin inkişafı baxımından əhəmiyyətli potensiala malikdir. Laçın və Kəlbəcər isə qış turizmi, xüsusilə xizək kurortlarının yaradılması üçün yüksək potensiallı ərazilər hesab olunur.

Beləliklə, Qarabağ və Şərqi Zəngəzurda təhsil, səhiyyə, turizm və digər infrastrukturların qurulması regionların sosial-iqtisadi inkişafına, əhalinin doğma torpaqlara qayıdışına və yeni iqtisadi imkanların yaradılmasına xidmət edir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti