Bakı. Trend:
“Sumqayıt kağız emalı zavodu” MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Sənaye Parkının rezidenti statusu verilib.
BU barədə agentlik məlumat yayıb.
Məlumata əsasən, Sumqayıt Sənaye Parkının yeni rezidenti tərəfindən karton və kağız tullantılarının təkrar emalından kağız istehsalı layihəsi həyata keçiriləcək.
Bildirilib ki, investisiya dəyəri 60 milyon manatdan çox olan layihə çərçivəsində illik istehsal gücü 90 min ton olacaq karton və kağız tullantılarının təkrar emalı müəssisəsi yaradılacaq.
Qeyd edək ki, Sumqayıt Sənaye Parkı Azərbaycan Prezidenti İlham Əliyevin 21 dekabr 2011-ci il tarixli fərmanı ilə yaradılıb. Parkın əsas məqsədi ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye istehsalının inkişafı üçün əlverişli şərait yaratmaq, sahibkarlığı dəstəkləmək, qeyri-neft sektorunun dayanıqlı inkişafına töhfə vermək və sənaye sahəsində məşğulluğu artırmaqdır.
Hazırda Sumqayıt Sənaye Parkının ümumi ərazisi 640 hektardır. Cənubi Qafqazın ən böyük sənaye parkı olan Sumqayıt Sənaye Parkında hazırda 46 rezident qeydiyyatdan keçib. İndiyədək sənaye parkına rezidentlər tərəfindən 5,6 milyard manatdan çox investisiya yatırılıb, 6400-dən çox iş yeri yaradılıb.
