Bakı. Trend:
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Suriya Ərəb Respublikasına 330,269 milyon ABŞ dolları dəyərində 972,551 milyon kubmetr təbii qaz (qaz halında) ixrac edilib.
Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilir.
Ümumilikdə isə 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycandan 8 ölkəyə 6,449 milyard ABŞ dolları dəyərində 17,994 milyard kubmetr təbii qaz (qaz halında) ixrac edilib. Bu, keçən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 249,874 milyon ABŞ dolları və ya 3,7%, həcm baxımından isə 533,703 milyon kubmetr və ya 2,9% azdır.
Bundan başqa, 2026-cı ilin ilk doqquz ayında Azərbaycan cəmi bir ölkədən – İran İslam Respublikasından 15,467 milyon ABŞ dolları dəyərində 229,828 milyon kubmetr təbii qaz (qaz halında) idxal edib. Ötən ilin eyni dövründə isə Azərbaycan iki ölkədən – Rusiya və Türkmənistandan 39,151 milyon ABŞ dolları dəyərində 252,168 milyon kubmetr təbii qaz idxal etmişdi. Beləliklə, Azərbaycana təbii qaz idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 23,684 milyon ABŞ dolları və ya 2,5 dəfə, həcm baxımından isə 22,340 milyon kubmetr və yaxud 1,1 dəfə azalıb.
Azərbaycan qazının Suriyaya tədarükü 2025-ci ildə başlayıb
Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya çatdırılması iki ölkə arasında enerji əməkdaşlığının mühüm istiqamətlərindən biridir.
2025-ci il iyulun 12-də Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın Azərbaycana işgüzar səfəri çərçivəsində SOCAR ilə Suriya Ərəb Respublikası Hökuməti arasında təbii qaz sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədi SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov və Suriyanın energetika naziri Məhəmməd Əl Bəşir imzalayıblar.
Razılaşmaya uyğun olaraq, təbii qazın nəqli üçün texniki hazırlıq işləri tamamlanıb və 2025-ci il avqustun 2-dən Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya ixracına başlanılıb.
Layihənin ilkin mərhələsində Suriyaya ildə 1,2 milyard kubmetr təbii qazın çatdırılması planlaşdırılıb. Qaz Türkiyənin Kilis şəhəri vasitəsilə Suriyanın Hələb və Homs şəhərlərində yerləşən elektrik stansiyalarına nəql olunur və elektrik enerjisi istehsalında istifadə edilir. Layihə çərçivəsində 1 200-1 300 meqavat həcmində elektrik enerjisi istehsalı gücünün təmin edilməsi nəzərdə tutulur.
Türkiyə–Suriya təbii qaz boru kəmərinin açılış mərasimində çıxış edən Azərbaycanın iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov layihəni dörd ölkənin siyasi iradəsinin nəticəsi kimi qiymətləndirib. O bildirib ki, Azərbaycandan Türkiyə üzərindən Suriyaya təbii qaz ixracı birgə fəaliyyətin və əməkdaşlığın konkret nümunəsidir.
Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar yaradılmış infrastrukturun ilkin mərhələdə Suriyaya ildə 2 milyard kubmetrədək təbii qaz ixrac etməyə imkan verəcəyini bildirib. Onun sözlərinə görə, Azərbaycan qazının Türkiyənin Kilis şəhəri üzərindən Suriyaya ötürülməsi nəticəsində təxminən 1 200 meqavat gücündə elektrik stansiyalarının fəaliyyəti təmin ediləcək və 5 milyon evin elektrik enerjisinə olan tələbatının ödənilməsinə töhfə veriləcək.
Suriyanın energetika naziri Məhəmməd Əl Bəşir isə layihənin Azərbaycanla əməkdaşlığın başlanğıcı olduğunu vurğulayıb.
“Bu sonuncu layihə deyil. Bundan sonra da Azərbaycanla birlikdə daha böyük layihələrimiz olacaq. Azərbaycanla texniki əməkdaşlığın genişləndirilməsi və yeni investisiya layihələrinin həyata keçirilməsi barədə razılığa gəlmişik”, – deyə nazir bildirib.
Qətər İnkişaf Fondunun rəhbəri Fəhad Həməd Əl-Sulaiti də Azərbaycanın layihədəki rolunu yüksək qiymətləndirib. Trend-ə eksklüziv müsahibəsində o, Suriyaya ilk qaz tədarükünün başlanmasını Azərbaycan, Türkiyə və Qətər arasında uğurlu əməkdaşlığın nəticəsi kimi dəyərləndirib.
“Azərbaycanın bu prosesdəki rolunu yüksək qiymətləndiririk və bu tərəfdaşlığın gələcəkdə daha da genişlənməsini istəyirik”, – deyə fond rəhbəri bildirib.
Qeyd edək ki, Azərbaycan qazının ixrac coğrafiyasının genişləndirilməsi ölkənin enerji siyasətinin əsas istiqamətlərindən biridir. Hazırda Azərbaycan qazı 16 ölkəyə ixrac olunur. Boru kəmərləri vasitəsilə qaz ixrac etdiyi ölkələrin sayına görə Azərbaycan dünyada ilk yerdədir.
EPDK-nın açıqladığı göstəricilər Türkiyənin qaz ixracında Suriyanın əhəmiyyətli mövqeyə malik olduğunu göstərir. Azərbaycan qazının bu ölkəyə Türkiyə üzərindən tədarükü isə Azərbaycan-Türkiyə-Suriya enerji əməkdaşlığının mühüm istiqamətlərindən biri kimi çıxış edir.
