Bakı. Trend:
Finlandiyanın Seynyayyoki şəhərində ölkənin ən nadir pişik cinslərindən biri olan likoy cinsinə mənsub dörd pişik yaşayır. Qeyri-adi görünüşlərinə görə bu pişiklər “pişik-canavar” adlandırılır.
Likoy cinsinin əsas xüsusiyyəti bədənlərinin bəzi hissələrində, xüsusilə göz, ağız və çənə ətrafında tüklərin seyrək olmasıdır. Bu xüsusiyyət onlara mifoloji canavarları xatırladan görünüş verir.
Məlumata görə, bu cins süni çarpazlaşdırma nəticəsində deyil, təbii genetik mutasiya nəticəsində yaranıb. Likoyların yetişdirilməsinə 2011-ci ildə ABŞ-də, bir il sonra isə Fransada başlanılıb.
Qeyri-adi görünüşlərinə baxmayaraq, bu pişiklər mehriban xasiyyətləri, oynaq olmaları və sahiblərinə güclü bağlılıqları ilə seçilirlər.
“Onları nadir hallarda gözəl adlandırırlar, lakin bu cinsin özünəməxsus cazibəsi də məhz bundadır”, – deyə likoy sahibləri bildiriblər.
Qeyd edək ki, likoy və bombey pişikləri Finlandiya Pişiksevərlər İttifaqının ilkin tanınma statusu verdiyi sonuncu cinslər olub. Yeni pişik cinslərinin rəsmi tanınması prosesi bir neçə il davam edir və müxtəlif ölkələrdən olan sahiblərin iştirakını tələb edir.
Likoyların dünya üzrə sayının az olması səbəbindən genetik müxtəlifliyin qorunması məqsədilə xüsusi icazə əsasında onların adi qısatüklü ev pişikləri ilə cütləşdirilməsinə də icazə verilir.
