DSMF-nin maliyyə dayanıqlılığı risk altındadır - Hesablama Palatası

İqtisadiyyat Xəbər 18 Noyabr 2026 18:23 (UTC +04:00)
DSMF-nin maliyyə dayanıqlılığı risk altındadır - Hesablama Palatası
Sadiq Cavadov
Sadiq Cavadov
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı. Trend:

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) dövlət öhdəlikləri üzrə hesablamalarının tam razılaşdırılmaması, eləcə də dövlət büdcəsindən maliyyələşdirilməli olan xərclərin müəyyənləşdirilməsindəki fərqlər Fondun maliyyə dayanıqlılığı üçün risk yaradır.

Bu barədə Hesablama Palatasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2027-ci il büdcəsi ilə bağlı qanun layihəsinə verdiyi Rəydə bildirilib.

Rəydə qeyd olunur ki, dövlət öhdəliyi üzrə məbləğin razılaşdırılmaması Fondun əvvəlki illərdə mövcud olmayan əlavə istiqamətləri də həmin öhdəliklərin tərkibinə daxil etməsinə və nəticədə öhdəlik məbləğinin birtərəfli qaydada artırılmasına şərait yaradıb.

Bildirilib ki, dövlət tərəfindən tanınmayan borc məbləğinin hesabatlarda əks etdirilməsi, eyni zamanda, məcburi dövlət sosial sığorta haqları hesabına həyata keçirilən ödənişlər üzrə kreditor borcun hesabatlarda göstərilməməsi gələcək illərdə xərclərin maliyyə təminatının sərhədlərinin müəyyənləşdirilməsini çətinləşdirir.

Hesablama Palatasının rəyinə əsasən, 2025-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Maliyyə Nazirliyinə ünvanlanmış məktubda 2018–2025-ci illərdə DSMF büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün ümumilikdə 10 milyard 437,1 milyon manat vəsait köçürüldüyü bildirilib.

Bununla yanaşı, Fond tərəfindən həmin dövrdə hesablanmış, lakin dövlət büdcəsi tərəfindən ödənilməsi təmin edilməmiş öhdəliklərin məbləğinin 9 milyard 848,1 milyon manat olduğu qeyd edilib.

Rəydə dövlət öhdəliklərinin artmasına təsir edən amillərə də diqqət çəkilib.

Qeyd olunub ki, 2023-cü il yanvarın 1-dən etibarən “Əmək pensiyaları haqqında” Qanuna edilmiş dəyişikliklərdən sonra əmək pensiyalarının tərkibində qulluq stajına görə əlavələr də hər il yanvarın 1-də əvvəlki il üzrə nominal orta aylıq əməkhaqqının artım tempinə uyğun indeksləşdirilir.

“Bu da öz növbəsində 2023–2025-ci illərdə pensiya xərclərinin tərkibində dövlət öhdəlikləri üzrə xərclərin artımını şərtləndirmişdir”, – deyə rəydə bildirilib.

Palata həmçinin qeyd edib ki, dövlət öhdəlikləri müəyyənləşdirilərkən Fond tərəfindən əvvəlki illərdən fərqli olaraq “Əmək pensiyaları haqqında” Qanunun 8-ci və 9.2-ci maddələrində nəzərdə tutulan hallar da nəzərə alınıb.

Söhbət sığorta stajının azaldılması ilə bağlı güzəştlərdən gedir. Təqdim edilmiş məlumatlara əsasən, bu istiqamətdə məbləğ hesablanarkən Fonda ödənilməmiş məcburi dövlət sosial sığorta haqları prinsipi əsas götürülür.

Hesablama Palatasının qiymətləndirməsinə görə, Fondun öz hesablamaları əsasında 2025-ci ildə dövlət öhdəliyinin ümumi məbləği 3 milyard 412,54 milyon manat təşkil edib. Bu məbləğin əsas hissəsi 1992-ci ilədək olan stajlara görə öhdəliklərin payına düşüb.

Bildirilib ki, 2025-ci ildə dövlət büdcəsindən ayrılmış vəsait həmin öhdəliyin yalnız 46,9 faizini təşkil edib.

Öhdəlik kimi göstərilən istiqamətlərin maliyyələşdirilməsinə gəldikdə isə, ayrılmış vəsaitin əsasən əlavələrin maliyyələşdirilməsinə yönəldildiyi qeyd olunub. Belə ki, əlavələr və yardımlar üzrə ümumi məbləğ dövlət büdcəsindən ayrılmış vəsaitin 92,3 faizinə bərabər olub.

Hesablama Palatası hesab edir ki, dövlət öhdəliklərinin məbləğinin tam razılaşdırılmaması sığorta prinsipinə əsaslanmayan ödənişlərin də məcburi dövlət sosial sığorta haqları hesabına maliyyələşdirilməsinə şərait yarada bilər.

“Bu hal, son nəticədə, Fondun maliyyə dayanıqlılığına bir risk amili kimi qiymətləndirilir”, – deyə rəydə vurğulanıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti