Bakı. Trend:
İşsizlikdən Sığorta Fondunun (İSF) 2027-ci il üzrə sair gəlirləri 1,7 milyon manat proqnozlaşdırılıb ki, bu da 2025-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə 81,3 faiz azdır. Hesablama Palatası Fondun bu gəlir mənbəyi üzrə mövcud potensialının büdcə proqnozunda tam nəzərə alınmadığını hesab edir.
Bu barədə Hesablama Palatasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İşsizlikdən Sığorta Fondunun 2027-ci il büdcəsi ilə bağlı qanun layihəsinə verdiyi Rəydə bildirilib.
Rəydə qeyd olunur ki, aparılmış təhlillər nəticəsində sair gəlirlər üzrə əlavə potensialın mövcudluğu müəyyən edilib. Bununla yanaşı, həmin vəsaitlərin bölgüsü və istifadəsinin normativ-hüquqi aktlarla tənzimlənməməsi müvafiq idarəetmə riskləri yaradır.
Bildirilib ki, növbəti büdcə ilində Fondun sair gəlirləri üzrə 1,7 milyon manat daxilolma proqnozlaşdırılıb. Bu, 2025-ci ilin faktiki icra göstəricisindən 7,4 milyon manat və ya 81,3 faiz az, 2026-cı ilin proqnoz göstəricisi ilə isə eyni səviyyədədir.
Palata diqqətə çatdırıb ki, cari ilin ilk altı ayında sair gəlirlər üzrə faktiki daxilolmalar 2,8 milyon manat təşkil edib. Bu məbləğin artıq növbəti il üçün nəzərdə tutulan 1,7 milyon manatlıq proqnozu üstələməsi gəlirlərin aşağı qiymətləndirildiyini göstərir.
“Hesablama Palatası növbəti büdcə ili üzrə sair gəlirlərin proqnozunda gəlir potensialının tam nəzərə alınmadığı qənaətindədir”, – deyə rəydə vurğulanıb.
Rəydə Fondun gəlirlərinin təsnifatı ilə bağlı məsələyə də toxunulub.
Qeyd edilib ki, “İşsizlikdən sığorta haqqında” Qanuna uyğun ödənilən sığorta haqları və Fondun əvvəlki ilin sonuna istifadə olunmamış vəsaiti istisna olmaqla, digər bütün gəlirlərinin tərkibi ayrıca açıqlanmadan layihənin 2.2-ci maddəsində “sair gəlirlər” adı altında ümumiləşdirilib.
Halbuki qanunvericiliyə əsasən, Fondun sığorta vəsaitlərinin formalaşma mənbələrinə işsizlikdən sığorta haqları, qanun pozuntularına görə tətbiq edilən inzibati cərimələr, qrantlar, ianələr və yardımlar, bank kreditləri, eləcə də qanunla və Nazirlik tərəfindən nəzərdə tutulan digər mənbələr daxildir.
Hesablama Palatasının məlumatına görə, 2026-cı ilin ilk yarısında sair gəlirlər üzrə icra edilmiş 2,8 milyon manatın tərkibi aşağıdakı kimi olub:
403,8 min manat – işsizlikdən sığorta haqları üzrə hesablanmış faizlər və maliyyə sanksiyaları;
0,03 min manat – əmək kitabçalarının satışından daxilolmalar;
2,4 milyon manat – digər gəlirlər (qarantiya və sair müqavilələr üzrə cərimələr və s.);
49,2 min manat – artıq ödənişlərin geri qaytarılması;
0,3 min manat – artıq ödənilmiş əməkhaqqı və digər vəsaitlərin geri qaytarılması.
Palata qeyd edib ki, bu gəlirlərin faktiki icra göstəriciləri əvvəlki illərdə də təsdiq edilmiş proqnozlardan fərqlənib. Buna görə də gəlirlərin proqnozlaşdırılması zamanı əvvəlki dövrlərin faktiki göstəricilərinin və formalaşma dinamikasının nəzərə alınması vacibdir.
Hesablama Palatası sair gəlirlərin formalaşması və istifadəsi ilə bağlı hüquqi tənzimləmə məsələlərinə də diqqət çəkib.
Rəydə bildirilib ki, “İşsizlikdən sığorta haqqında” Qanunun 7-1-ci maddəsinə əsasən, işsizlikdən sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, yaranmış borcların alınması, haqların vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş vəsaitlərin qaytarılması Vergi Məcəlləsində vergilər üzrə müəyyən edilmiş qaydada həyata keçirilir.
Bununla belə, işsizlikdən sığorta haqlarının vaxtında ödənilməməsinə görə daxil olmuş faiz və maliyyə sanksiyalarının istifadəsi və bölgüsü ilə bağlı qaydaların hüquqi aktlarda müəyyən edilməməsi risklər yaradır.
Palata hesab edir ki, bu risklərin aradan qaldırılması üçün müvafiq qanunvericilik normalarının müəyyənləşdirilməsinə ehtiyac var.
“Bu risklərin aradan qaldırılması məqsədilə “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda məcburi dövlət sosial sığorta haqları üzrə hesablanmış faiz və maliyyə sanksiyalarından daxil olmuş vəsaitlərin bölgüsü və onlardan istifadə qaydasını müəyyən edən müvafiq normaların “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda analogiya əsasında tətbiq edilməsinə zərurət hələ də qalmaqdadır”, – deyə rəydə qeyd olunub.
Palata, həmçinin haqqı ödənilən ictimai işlər üzrə geri qaytarılan vəsaitlərin sair daxilolmaların tərkibində mütəmadi formalaşdığını diqqətə çatdırıb.
Yekunda vurğulanıb ki, gəlirlərin proqnozlaşdırılması zamanı qanunvericiliyə edilmiş dəyişikliklər, əvvəlki illərin faktiki daxilolmaları və ayrı-ayrı gəlir mənbələrinin formalaşma dinamikası nəzərə alınmalıdır. Bu yanaşma Fondun gəlirləri üzrə büdcə proqnozlarının dəqiqliyinin artırılması baxımından zəruri hesab olunur.
