Bakı.Trend:
"Azeri Light" markalı Azərbaycan neftinin İtaliyanın Auqusta limanında CIF bazasında qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,17 ABŞ dolları və ya 1,2 faiz azalaraq bir barel üçün 97,62 ABŞ dolları təşkil edib.
Bu barədə neft bazarının iştirakçılarının məlumatında bildirilib.
Qeyd olunub ki, Türkiyənin Ceyhan limanında "Azeri Light" markalı neftin bir barelinin FOB bazasında qiyməti 1,28 ABŞ dolları və ya 1,3 faiz azalaraq 93,65 ABŞ dolları olub.
URALS markalı xam neftin bir barelinin qiyməti isə əvvəlki göstərici ilə müqayisədə 1,09 ABŞ dolları və ya 1,6 faiz azalaraq 67,93 ABŞ dolları təşkil edib.
Şimal dənizində hasil edilən "Dated Brent" markalı neftin bir barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,04 ABŞ dolları və ya 1,1 faiz azalaraq 92,11 ABŞ dollarına bərabər olub.
Azərbaycanın 2026-cı il dövlət büdcəsində neftin orta qiyməti bir barel üçün 65 ABŞ dolları səviyyəsində götürülüb.
"Trading Economics"in son məlumatlarına əsasən, cümə axşamı Brent markalı neftin qiyməti bir barel üçün 92 ABŞ dolları ətrafında qərarlaşıb. Qlobal bazarda təklifin əhəmiyyətli dərəcədə artacağına dair gözləntilərin Yaxın Şərqdə geosiyasi gərginliyin yenidən artmasını üstələməsi nəticəsində neft qiymətləri avqustun sonundan bəri ən aşağı səviyyələrə yaxın ticarət olunub.
"Trading Economics"in məlumatında deyilir:
"ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatına görə, noyabrın 13-də başa çatan həftə ərzində ölkənin kommersiya neft ehtiyatları 3,38 milyon barel artaraq 417,8 milyon barelə çatıb. Bundan əvvəlki həftə artım 4,657 milyon barel təşkil etmişdi.
Benzin ehtiyatları da 5,192 milyon barel, distillə edilmiş yanacaq ehtiyatları isə 1,571 milyon barel artıb.
Bununla yanaşı, Beynəlxalq Enerji Agentliyi cari rübdə qlobal neft təklifinin tələbi sutkada təxminən 2 milyon barel üstələyəcəyini proqnozlaşdırır. "Goldman Sachs" isə gələn il bazarda mümkün təklif artıqlığı ilə bağlı xəbərdarlıq edib".
Qeyd olunur ki, regionda vaxtaşırı gərginliyin yaranmasına baxmayaraq, Yaxın Şərqdən tədarükün bərpası fonunda cari ayın əvvəlindən neft qiymətləri təxminən 20 faiz azalıb. Bununla yanaşı, ABŞ Prezidenti Donald Tramp İrana qarşı genişmiqyaslı hərbi zərbələr endirməkdən çəkinib.
