Xəzərin sahilboyu ərazilərində qanunsuz fəaliyyətlər də mövcuddur - İlqar Həbiyev

Cəmiyyət Xəbər 19 Noyabr 2026 11:24 (UTC +04:00)
Xəzərin sahilboyu ərazilərində qanunsuz fəaliyyətlər də mövcuddur - İlqar Həbiyev
Sadiq Cavadov
Sadiq Cavadov
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı. Trend:

Xəzər dənizinin sahilboyu əraziləribdə antropogen təsirlər, qanunsuz fəaliyyətlər də mövcuddur.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin müdiri İlqar Həbiyev cümə axşamı Xəzər dənizinin sahilboyu ərazilərində dövlət idarəetməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, Xəzər dənizində iqlim dəyişiklikləri səbəbindən müəyyən problemlər yaranır, dəniz geri çəkilir və bu müəyyən vəzifələr yaradır:

"Sahilboyu ərazilərdə eyni zamanda antropogen təsirlər, qanunsuz fəaliyyətlər də mövcuddur. Təbii ki, dövlət orqanları bu işin qarşısını almağa çalışırlar, amma bəzən proseslər elə qarşısıalınmaz rol daşıyır ki, mövcud qanunlar çərçivəsində bu mübarizəni aparmaq olduqca çətinləşir və indiki mərhələdə biz yeni bir istər institusional, istər hüquqi baxımdan yeni mərhələyə keçirik".

O əlavə edib ki, bu ərazilər istər su obyekti kimi, istər quru ərazilər, həm də bir iqtisadi resursdur:

"Bundan dövlət əhəmiyyətli nəticələrə nail olmalıyıq. Ərazilərdə ayrı-ayrı əlaqəsiz fəaliyyətlərə müəyyən mənada məhdudiyyətlər qoyulmalıdır, eyni zamanda dövlətin iqtisadi resurslardan əldə edəcəyi gəlirlərin və sahibkarlığın, eyni zamanda vətəndaşların hüquqlarının təmin olunması məsələləri, istirahət, rekreasiya baxımından çox önəmlidir".

İlqar Həbiyev qeyd edib ki, sahilboyu ərazilərdə 3 227 qanunsuz tikili aşkarlanıb.

Onun sözlərinə görə, sahilboyu ərazilərdə aşkar edilən qanunsuz tikililərin tikilialtı sahəsi ümumilikdə 58,9 hektar təşkil edir.

Şöbə müdiri bildirib ki, sahilboyu ərazilərin təhlili və müvafiq təkliflərin hazırlanması məqsədilə 2025-ci ildə 19 dövlət qurumunun iştirakı ilə işçi qrupu yaradılıb.

İşçi qrupuna sahilboyu ərazilərdə vahid dövlət siyasətinin və idarəetmənin təşkili, torpaqlardan səmərəli istifadə və onların mühafizəsinə dövlət nəzarətinin gücləndirilməsi, ekoloji sabitliyin təmin edilməsi, həmçinin ərazilərin dayanıqlı planlaşdırılması və qanunsuz zəbt hallarının qarşısının alınması ilə bağlı təkliflərin hazırlanması tapşırılıb.

İ.Həbiyev qeyd edib ki, ümumilikdə 753 kilometr sahil xətti boyunca 18 şəhər və rayon ərazisində monitorinq işləri aparılıb. Monitorinqlər Bakı şəhərini və 9 rayonun inzibati ərazisini əhatə edib.

Monitorinq nəticələrinə əsasən, ən uzun sahil xətti Bakı şəhərinin payına düşüb – 316 kilometr. Lənkəran rayonunda bu göstərici 111 kilometr, Neftçalada 87 kilometr, Xaçmazda 65 kilometr, Xızıda 44 kilometr, Sumqayıt və Siyəzəndə ayrı-ayrılıqda 37 kilometr, Astarada 22 kilometr, Şabranda 20 kilometr, Salyanda isə 14 kilometr təşkil edib.

Bundan başqa, təqdim olunan məlumatlara əsasən, 2016-cı ildə təsdiq edilmiş sahil zolağının dənizin quru ilə təmas xəttindən etibarən 753 kilometr boyunca monitorinqi nəticəsində Xəzər dənizinin çəkilməsi ilə əlaqədar əlavə quru ərazilərin yarandığı müəyyən edilib. Bu ərazilərin ümumi sahəsi 20 406 hektar təşkil edir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti