Bakı. Trend:
Süni intellekt beynəlxalq münasibətlərin qaydalarını yenidən formalaşdıra, geosiyasi rəqabəti kəskinləşdirə və texnoloji imkanların bir neçə güc mərkəzində cəmləşməsinə səbəb ola bilər. Bu baxımdan kiçik və orta ölçülü ölkələrin süni intellektlə bağlı beynəlxalq müzakirələrdə və qərarların qəbulunda iştirakının təmin edilməsi vacibdir.
Trend-in müxbirinin xəbərinə görə, bunu UNESCO üzrə Milli Komissiyanın Baş katibi, Xüsusi Tapşırıqlar üzrə Səfir Elman Abdullayev cümə axşamı Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfrans çərçivəsində baş tutan “Süni intellekt dövründə xarici siyasət: Diplomatiya üçün yeni qaydaların müəyyənləşdirilməsi” adlı paneldə çıxışı zamanı deyib.
O bildirib ki, hazırda dünya yeni diplomatik alətin yaranmasının şahidi olur, yoxsa süni intellektin beynəlxalq münasibətlərin qaydalarını yenidən formalaşdıracağı yeni dövrə daxil olur sualı aktuallıq qazanır.
E.Abdullayev beynəlxalq əməkdaşlıq kontekstində süni intellektin təsirlərinə də diqqət çəkib. Onun sözlərinə görə, əsas məsələlərdən biri süni intellektin beynəlxalq əməkdaşlığı gücləndirəcəyi, yoxsa geosiyasi rəqabəti daha da kəskinləşdirəcəyidir.
O, xüsusilə kiçik və orta ölçülü ölkələrin gələcək mövqeyi ilə bağlı narahatlığını ifadə edib.
“Süni intellekt uğrunda yeni rəqabət daha kiçik və orta ölçülü ölkələr üçün yeni imkanlar gətirəcək, yoxsa təsiri bir neçə texnoloji gücün əlində daha da cəmləşdirəcək?” – deyə E.Abdullayev sual edib.
O bildirib ki, kiçik və orta ölçülü ölkələrin də beynəlxalq müzakirələrdə iştirak etməsinin vaxtıdır.
UNESCO üzrə Milli Komissiyanın Baş katibi digər mühüm məsələnin süni intellektlə sıx bağlı olan texnoloji tərəqqinin insan mülahizəsi, beynəlxalq hüquq və bölüşdürülmüş məsuliyyət prinsipləri əsasında istiqamətləndirilməsinin təmin edilməsi olduğunu vurğulayıb.
E.Abdullayev qeyd edib ki, bu sualların yalnız hökumətlər tərəfindən həlli mümkün deyil.
Onun sözlərinə görə, müxtəlif fikirləri və yanaşmaları təmsil edən panel iştirakçılarının bir araya gəlməsi süni intellektin xarici siyasət seçimlərinə və beynəlxalq tərəfdaşlıqlara təsirinin müzakirəsi baxımından əhəmiyyətlidir.
Panel çərçivəsində əsas diqqət süni intellektin xarici siyasət qərarlarına və beynəlxalq tərəfdaşlıqlara necə təsir göstərə biləcəyinin müzakirəsinə yönəldilib.
