Bakı. Trend:
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan İran İslam Respublikasına 12,902 milyon ABŞ dolları dəyərində 191,707 milyon kubmetr təbii qaz (qaz halında) ixrac edilib.
Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilib.
Bundan başqa, hesabat dövründə Azərbaycan İrandan 15,467 milyon ABŞ dolları dəyərində 229,828 milyon kubmetr təbii qaz (qaz halında) idxal edib.
Ötən ilin eyni dövründə iki ölkə arasında təbii qaz (qaz halında) idxal və ixracı qeydə alınmayıb.
Ümumilikdə isə 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycandan 8 ölkəyə 6,449 milyard ABŞ dolları dəyərində 17,994 milyard kubmetr təbii qaz (qaz halında) ixrac edilib. Bu, keçən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 249,874 milyon ABŞ dolları və ya 3,7%, həcm baxımından isə 533,703 milyon kubmetr və ya 2,9% azdır.
Bundan başqa, 2026-cı ilin ilk doqquz ayında Azərbaycan cəmi bir ölkədən – İran İslam Respublikasından 15,467 milyon ABŞ dolları dəyərində 229,828 milyon kubmetr təbii qaz (qaz halında) idxal edib. Ötən ilin eyni dövründə isə Azərbaycan iki ölkədən – Rusiya və Türkmənistandan 39,151 milyon ABŞ dolları dəyərində 252,168 milyon kubmetr təbii qaz idxal etmişdi. Beləliklə, Azərbaycana təbii qaz idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 23,684 milyon ABŞ dolları və ya 2,5 dəfə, həcm baxımından isə 22,340 milyon kubmetr və yaxud 1,1 dəfə azalıb.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda 37,521 milyard kubmetr təbii qaz hasil edilib.
Hesablamaya görə, təbii qaz hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 273 milyon kubmetr və ya 0,7 faiz azalıb. 2025-ci ilin ilk doqquz ayında ölkədə 37,794 milyard kubmetr təbii qaz hasil olunub.
Hesabat dövründə əmtəəlik təbii qaz hasilatı 28,581 milyard kubmetr təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 465 milyon kubmetr və ya 1,6 faiz azdır. Ötən ilin yanvar-sentyabr aylarında 29,046 milyard kubmetr əmtəəlik qaz hasil edilib.
Qeyd edək ki, Energetika Nazirliyinin məlumatına əsasən, 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda ümumilikdə 37,9 milyard kubmetr qaz hasil edilib. Bunun 10,8 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”, 20,6 milyard kubmetri “Şahdəniz”, 1,2 milyard kubmetri “Abşeron” yataqlarının, 5,3 milyard kubmetri isə SOCAR-ın payına düşüb.
Doqquz ay ərzində Azərbaycandan 18,4 milyard kubmetr qaz ixrac olunub. Bunun 8,6 milyard kubmetri Avropaya, 7 milyard kubmetri Türkiyəyə, o cümlədən 4,2 milyard kubmetri Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) vasitəsilə, 1,6 milyard kubmetri Gürcüstana, 1,2 milyard kubmetri isə Suriyaya göndərilib.
