Güclü daxili tərəfdaşlıq beynəlxalq kibertəhlükəsizlik əməkdaşlığının səmərəliliyini artırır - Rauf Cabarov

Cəmiyyət Xəbər 19 Noyabr 2026 13:40 (UTC +04:00)
Güclü daxili tərəfdaşlıq beynəlxalq kibertəhlükəsizlik əməkdaşlığının səmərəliliyini artırır - Rauf Cabarov
Əliş Abdulla
Əliş Abdulla
Parlament müxbiri Bütün xəbərlər

Bakı. Trend:

Strateji muxtariyyətə nail olmaq üçün həm daxili, həm də beynəlxalq səviyyədə daha çox tərəfdaş və alternativ seçimlər olmalıdır. Güclü daxili kibertəhlükəsizlik əməkdaşlığı beynəlxalq tərəfdaşlıqların səmərəliliyini artırır, alternativlərin çoxluğu isə ölkələrin texnoloji müstəqilliyini möhkəmləndirir.

Trend-in müxbirinin xəbərinə görə, bunu Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının icraçı direktoru Rauf Cabarov Bakıda Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfrans çərçivəsində baş tutan “Kiberittifaqlar və strateji muxtariyyət: Müstəqillik və tərəfdaşlıqlar arasında balans” adlı paneldə çıxışı zamanı deyib.

O bildirib ki, yaxşı daxili tərəfdaşlıq qurulmadan beynəlxalq alyansların yaradılması və onlardan səmərəli faydalanmaq mümkün deyil.

R.Cabarov bu fikrini iki praktiki sual üzərindən izah edib. Onun sözlərinə görə, ilk növbədə, hər hansı kiberhadisə bir neçə ölkəyə təsir etdikdə beynəlxalq tərəfdaşların bir-biri ilə məlumat mübadiləsinə başlamağa hazır olub-olmadığı müəyyənləşdirilməlidir.

“Bu suala verilən "bəli" və ya "xeyr" cavabı əslində tərəfdaşlığımızın səviyyəsini müəyyən edir”, - deyə o bildirib.

İkinci məsələnin daxili əməkdaşlıqla bağlı olduğunu qeyd edən assosiasiya rəhbəri vurğulayıb ki, xarici tərəfdaşdan daxil olan xəbərdarlığı ölkə daxilində konkret fəaliyyətə çevirmək, onu yerli şəraitdə istifadə edilə bilən səmərəli məlumat mənbəyinə çevirmək lazımdır.

Onun sözlərinə görə, bu suala verilən cavab da ölkə daxilində əməkdaşlığın səviyyəsini göstərir.

R.Cabarov bildirib ki, dövlət və ictimai qurumlardan tutmuş infrastruktur təminatçılarına, İT və kibertəhlükəsizlik şirkətlərinə qədər bütün maraqlı tərəfləri əhatə edən güclü yerli icma formalaşdırılmadan beynəlxalq əməkdaşlığın imkanlarından tam istifadə etmək mümkün deyil.

O qeyd edib ki, belə tərəfdaşlığın yaradılması üçün bütün maraqlı tərəflər bir araya gəlməli, sıx əməkdaşlıq etməli və bir-birinə dəstək verməyin yollarını müəyyənləşdirməlidirlər.

Bu baxımdan Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının fəaliyyətinin nümunə ola biləcəyini deyən R.Cabarov bildirib ki, qurum ölkə daxilində tərəfdaşlığın inkişaf etdirilməsi istiqamətində fəaliyyət göstərir.

O, assosiasiyanın bu sahədə özünü ən yaxşı və ya aparıcı nümunə kimi təqdim etmədiyini, lakin görülən işlərin daxili əməkdaşlığın hansı istiqamətdə inkişaf etdirilməli olduğunu göstərdiyini vurğulayıb.

R.Cabarovun sözlərinə görə, assosiasiya çərçivəsində kibertəhlükəsizlik şirkətləri bir araya gəlir və ayrı-ayrı şirkətlərin maraqlarından daha geniş məqsəd – ölkədə kibertəhlükəsizliyin dayanıqlılıq səviyyəsinin artırılması ətrafında birləşirlər.

O bildirib ki, ölkənin kibertəhlükəsizlik dayanıqlılığının yüksəldilməsi eyni zamanda kibertəhlükəsizlik xidmətləri bazarının genişlənməsinə və yerli şirkətlər üçün yeni imkanların yaranmasına şərait yaradır.

“Beləliklə, bu cür inkişaf həm ölkənin kiberdavamlılığı baxımından qarşılıqlı fayda verir, həm də kibertəhlükəsizlik şirkətləri üçün daha çox imkan yaradır”, - deyə o qeyd edib.

Assosiasiya rəhbəri vurğulayıb ki, məhz bu səbəbdən quruma üzv olan kibertəhlükəsizlik şirkətləri bir-biri ilə rəqabət aparmağa deyil, ümumi bazarın inkişafına üstünlük verirlər.

Onun sözlərinə görə, şirkətlər anlayırlar ki, bazarın ümumi səviyyəsinin yüksəldilməsi nəticədə onların xidmətlərinə tələbatın artmasına gətirib çıxaracaq.

R.Cabarov daxili tərəfdaşlığın digər üstünlüyünün kibertəhlükəsizlik xidmətlərinin əlçatanlığının artırılması olduğunu bildirib.

O qeyd edib ki, bu yanaşma kibertəhlükəsizlik dəstəyinin daha ucuz başa gəlməsinə və xidmətlərin yalnız iri şirkətlər üçün deyil, kiçik və orta müəssisələr üçün də əlçatan olmasına imkan yaradır.

“Əsas məqsədimiz məhz bu cür xidmətləri daha əlçatan etməkdir”, - deyə o vurğulayıb.

R.Cabarovun fikrincə, kiberdiplomatiya yalnız siyasi məsələ deyil. Bu sahədə siyasi qərarların arxasında texnoloji və iqtisadi amillər dayanır və bir çox hallarda məhz həmin amillər siyasi proseslərin istiqamətinə təsir göstərir.

O hesab edir ki, həm beynəlxalq əməkdaşlıqda, həm də ölkə daxilində texnoloji və iqtisadi tərəfdaşlıqların inkişafına diqqət yetirilməlidir. Belə tərəfdaşlıqların formalaşması isə assosiasiya kimi daxili alyanslardan başlayır.

Çıxışının sonunda R.Cabarov strateji muxtariyyət və beynəlxalq tərəfdaşlıq arasındakı əlaqəyə də toxunub.

O bildirib ki, strateji muxtariyyət ilk növbədə həm daxili, həm də beynəlxalq səviyyədə real və çoxsaylı seçim imkanlarının mövcudluğu deməkdir.

Assosiasiya rəhbərinin sözlərinə görə, beynəlxalq tərəfdaşlardan birinin müəyyən vəziyyətdə dəstək göstərə bilməməsi ehtimalı nəzərə alınmalı, buna görə də ölkələrin alternativ tərəfdaşları olmalıdır.

“Bir vəziyyətdə bizimlə olan, digər vəziyyətdə isə fərqli situasiyalarda bizə kömək edə biləcək başqa tərəfdaşlara ehtiyacımız var. Beynəlxalq tərəfdaşlıq, əslində, daha çox seçimə əsaslanır”, - deyə R.Cabarov bildirib.

O qeyd edib ki, eyni prinsip daxili səviyyədə də keçərlidir. Strateji muxtariyyətə nail olmaq üçün şirkətlərin kibertəhlükəsizlik xidmətləri üzrə daha çox alternativə malik olması vacibdir.

R.Cabarovun sözlərinə görə, hər hansı şirkət kibertəhlükəsizlik xidmətinə ehtiyac duyduqda daxili bazarda seçim imkanlarının çoxluğu ona daha çevik qərar vermək və müəyyən dərəcədə muxtariyyət əldə etmək imkanı yaradır.

“Əsas məqam ondan ibarətdir ki, daha çox seçimin olması muxtariyyəti artırır və gücləndirir, yaxşı daxili tərəfdaşlığın mövcudluğu isə beynəlxalq tərəfdaşlığın səmərəliliyini yüksəldir”, - deyə o əlavə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti