Süni intellekt kibertəhlükələrin təhlilini sürətləndirir - Ekspert

Siyasət Xəbər 19 Noyabr 2026 13:10 (UTC +04:00)
Süni intellekt kibertəhlükələrin təhlilini sürətləndirir - Ekspert
Əliş Abdulla
Əliş Abdulla
Parlament müxbiri Bütün xəbərlər

Bakı.Trend:

Süni intellekt kibertəhdidlərin təhlilini, böyük həcmli məlumatların emalını və rəqəmsal sübutların qiymətləndirilməsini əhəmiyyətli dərəcədə sürətləndirə bilər. Lakin onun gəldiyi qənaətlər ekspert qiymətləndirməsini əvəz etməməlidir.

Trend-in müxbiri xəbər verir ki, bu barədə Albaniya Elektrik Enerjisi Korporasiyasının (KESH) texniki direktoru, Albaniyanın Milli Kibertəhlükəsizlik İdarəsinin (National SOC/CSIRT) İnsidentlərin Monitorinqi və Onlara Reaksiya Departamentinin sabiq direktoru Esmeralda Kazia cümə axşamı Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfrans çərçivəsində keçirilən “Süni intellekt dövründə güc və təsir: dəyişən kiberməkan mənzərəsinə regional baxış” mövzusunda panel sessiyasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, süni intellekt böyük həcmli məlumatları xeyli qısa müddətdə təhlil etmək, milyonlarla hadisəni müqayisə etmək, qanunauyğunluqları müəyyənləşdirmək və ənənəvi təhlil üsulları ilə aşkarlanması çətin olan əlaqələri üzə çıxarmaq imkanına malikdir.

“Süni intellekt sübutları daha sürətli emal etməyimizə kömək edə bilər. O, bizim diqqətimizdən yayına biləcək qanunauyğunluqları və əlaqələri müəyyənləşdirə bilər”, – deyə Kazia qeyd edib.

Bununla yanaşı, ekspert süni intellektin işinin nəticələrinin hər zaman etibarlı olmadığını vurğulayıb. Onun sözlərinə görə, sistem yüksək əminliklə yanlış nəticələr təqdim edə bilər. Buna görə də dövlətlər müəyyən edilmiş faktlarla analitik qiymətləndirmələri və onların əsasında qəbul edilən qərarları bir-birindən fərqləndirməlidirlər.

Kazia 2022-ci ilin iyulunda Albaniyaya qarşı həyata keçirilən, ölkənin rəqəmsal infrastrukturuna və dövlət xidmətlərinə təsir göstərən kiberhücumu nümunə göstərib. Onun sözlərinə görə, bu insident texniki təhdidin nə qədər sürətlə xarici siyasət məsələsinə çevrilə biləcəyini nümayiş etdirib.

O qeyd edib ki, bu cür insidentlərə cavab verərkən dövlətlər yalnız baş verənləri müəyyənləşdirməklə kifayətlənməməli, həmçinin rəqəmsal sübutların etibarlılığını qiymətləndirməli, mümkün məsul şəxsləri müəyyənləşdirməli, ictimaiyyətə və beynəlxalq tərəfdaşlara hansı məlumatların açıqlanacağına qərar verməlidirlər.

Qeyd edək ki, Bakıda “Süni intellekt dövründə güc və təsir: dəyişən kiberməkan mənzərəsinə regional baxış” mövzusunda Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfrans keçirilir.

Konfransda müxtəlif ölkələrin dövlət qurumlarının, beynəlxalq təşkilatların, elmi-tədqiqat mərkəzlərinin və özəl sektorun nümayəndələri iştirak edirlər.

Tədbirdə süni intellektin beynəlxalq münasibətlərə təsiri, kibertəhlükəsizlik, rəqəmsal suverenlik, kiberməkanda dövlətlərarası əməkdaşlıq, informasiya təhlükəsizliyi və kritik infrastrukturun qorunması kimi aktual məsələlər müzakirə olunur.

Konfrans Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutunun birgə təşkilatçılığı ilə, Prezident Administrasiyası, Xarici İşlər Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və digər yerli tərəfdaşların iştirakı ilə keçirilir.

Tədbirdə süni intellektin beynəlxalq münasibətlərə və diplomatiyaya təsiri, kibermüttəfiqliklər və strateji muxtariyyət, iri texnologiya şirkətlərinin geosiyasi proseslərdə artan rolu, informasiya müharibəsi və “deepfake” texnologiyalarının yaratdığı təhdidlər müzakirə ediləcək.

Bununla yanaşı, kiberməkanda etimadın gücləndirilməsi, dövlətlərin məsuliyyətli davranışı, kritik infrastrukturun qorunması və transsərhəd kibertəhlükəsizlik risklərinin idarə olunması məsələləri diqqət mərkəzindədir.

Konfransda beynəlxalq ekspertlərin, Azərbaycanda akkreditə olunmuş səfirlərin, diplomatların, dövlət qurumlarının və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti