Bakı. Trend:
Xəzər dənizində mövcud sahil xəttindən faktiki dənizin sahilə təmas xətti arasında bəzi hallarda 800 metrə qədər geriçəkilmələr var.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin" İdarə Heyətinin sədr müavini Fərid Cəfərov Xəzər dənizinin sahilboyu ərazilərində dövlət idarəetməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında keçirilən brifində bildirib.
Onun sözlərinə görə, 24 avqust günü 2016-cı ildə Nazirlər Kabineti tərəfindən Xəzər dənizinin sahil zolağı müəyyən olunmuşdu: "Yəni biz ora sıfır xətti deyirik, yəni dənizin sahillə təmasının sıfır xətti. Ona uyğun olaraq da mühafizə zolaqları 20 və 50 metr sahil xəttindən quruya doğru mühafizə zolaqları müəyyən olunub və mövcud qanunvericiliyə əsasən həmin ərazilər müstəsna dövlət mülkiyyətidir. Sahil zolağı, sahil boyu ərazilərin xəritələşdirilməsi prosesini aparacağıq".
O qeyd edib ki, bu gün sahil xəttindən, yəni mövcud sahil xəttindən faktiki dənizin sahilə təmas xətti arasında bəzi hallarda 800 metrə qədər geriçəkilmələr var: "Bu da kifayət qədər böyük ərazidir, amma mövcud qanunvericiliklə həmin ərazilər zatən Xəzər dənizinin akvatoriyasına aid torpaqlardır və bu gün də o hüquqi statusunu saxlayır".
