Bakı. Trend:
Ötən gün Qazax rayonunda ikisi azyaşlı olmaqla, dörd nəfərin həyatına son qoyan yol qəzası ilə bağlı bəzi detallar açıqlanıb.
Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, qəzaya yüksək sürət səbəb olub.
Məhkumluq həyatı yaşamış İ.Müsədirovun etibarnaməsiz idarə etdiyi avtomobillə, sutkanın qaranlıq vaxtı, ensiz yolda yüksək sürətlə hərəkət etməsi və böyük ehtimalla yolun əyilən trayektoriyasında idarəetməni itirərək qarşıdan gələn avtomobilə çırpılması, özü ilə yanaşı, toqquşduğu avtomobilin sürücüsü S.Dəryahquliyevin, sonuncunun 8 yaşlı qızının və eyni yaşda olan bacısı oğlunun həyatına da son qoyub.
Qeyd edilib ki, statistikaya görə ölkəmizdə nəqliyyat vasitələrinin yüksək sürətlə idarə edilməsi ən çox yol verilən qayda pozuntusudur. Cari ilin 10 ayı ərzində sürət həddinin aşılması səbəbindən 346 yol qəzası qeydə alınıb ki, nəticədə 256 nəfər həyatını itirib, 216 nəfər isə yaralanıb.
Xatırladaq ki, hadisə noyabrın 18-də saat 20:00 radələrində baş verib. 1979-cu il təvəllüdlü İttifaq Müsədirovun etibarnamə olmadan idarə etdiyi “Opel Astra H” markalı avtomobil qarşıdan gələn, 1989-cu il təvəllüdlü Sənan Dəryahquluyevin idarə etdiyi “Tofaş” markalı avtomobillə toqquşub.
Qəza nəticəsində hər iki sürücü, eləcə də “Tofaş”ın sərnişinləri, 2018-ci il təvəllüdlü Güllər Dəryaquliyeva və Məhəmməd Mehtili hadisə yerində ölüblər.
Digər sərnişin, 1996-cı il təvəllüdlü Türkan Dəryahquluyeva ağır bədən xəsarətləri ilə Qazax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Qazax Rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.
