Kibertəhlükəsizlikdə təchizat zəncirinə nəzarət gücləndirilməlidir - Rauf Mahmudlu

İqtisadiyyat Xəbər 19 Noyabr 2026 16:28 (UTC +04:00)
Kibertəhlükəsizlikdə təchizat zəncirinə nəzarət gücləndirilməlidir - Rauf Mahmudlu
Əliş Abdulla
Əliş Abdulla
Parlament müxbiri Bütün xəbərlər

Bakı. Trend:

Son dövrlərdə qlobal miqyasda baş verən kritik proqram təminatı boşluqları kibertəhlükəsizlik sahəsində təchizat zəncirinə daha sərt nəzarətin vacibliyini ortaya qoyur.

Trend-in müxbirinin xəbərinə görə, bunu “SOCAR Tech”in baş icraçı direktoru Rauf Mahmudlu Bakıda Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfrans çərçivəsində baş tutan “Etimad böhranı: Kiberməkanda məsuliyyətli dövlət davranışı və hesabatlılıq” adlı paneldə çıxışı zamanı deyib.

O bildirib ki, son həftələrdə aşkar edilən kritik proqram təminatı boşluqları dünyanın aparıcı şirkətlərinə təsir göstərir və texniki komandaların bu cür problemlərə operativ reaksiya verməsini getdikcə çətinləşdirir.

R.Mahmudlu qeyd edib ki, əvvəllər texniki mütəxəssislər sıfırıncı gün boşluqları aşkarlandıqda sistemləri bərpa etmək və problemləri aradan qaldırmaq üçün gecəboyu işləyirdilər. Lakin hazırda boşluqların sayı və miqyası bu yanaşmanın yetərli olmadığını göstərir.

Baş icraçı direktorun sözlərinə görə, bu cür boşluqların ardıcıl şəkildə meydana çıxması texniki komandaların hər gün gecəboyu işləməsini tələb edə bilər. Buna görə də problemin həlli yalnız ayrı-ayrı şirkətlərin öz sistemlərini qoruması ilə məhdudlaşmamalıdır.

O vurğulayıb ki, təchizat zəncirinin də tənzimlənməsinə ehtiyac var. Texnologiyadan istifadə edən şirkətlər həmin zəncirə daxil olan digər təchizatçıların da ən yüksək təhlükəsizlik standartlarına cavab verdiyinə əmin olmalıdırlar.

R.Mahmudlu qeyd edib ki, müəyyən standartlar, qaydalar və tənzimləyicilərə təqdim olunan hesabatlar mövcud olsa da, texnologiya təminatçılarına texniki baxımdan daha effektiv nəzarət mexanizmləri tətbiq edilməlidir.

Baş icraçı direktor süni intellekt modellərinin yaratdığı risklərə də diqqət çəkib. Onun sözlərinə görə, açıq çəkili süni intellekt modellərinin cüzi vəsait hesabına təhlükəsizlik məhdudiyyətlərindən kənarlaşdırılması və mürəkkəb kiberhücum imkanları əldə etməsi mümkündür.

R.Mahmudlu qeyd edib ki, bəzi ölkələrdə və ya müəyyən yurisdiksiyalarda tənzimlənən qabaqcıl modellərə şirkətlərin çıxışı olduğu halda, oxşar imkanlara malik açıq çəkili modellər daha əlçatan ola bilər.

O əlavə edib ki, kibertəhlükəsizlik mütəxəssislərinin “boşluq sunamisi” adlandırdığı bu vəziyyətin həlli müəyyənləşdirilənədək texnologiya təminatçıları və süni intellekt modellərinin istifadəsi ilə bağlı müvafiq müdaxilə və nəzarət mexanizmləri tətbiq olunmalıdır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti