Azərbaycanda istehlakçı şikayətlərində qüsurlu malların satışı ilk yerdədir

Cəmiyyət Xəbər 19 Noyabr 2026 17:38 (UTC +04:00)
Firayə Nurizadə
Firayə Nurizadə
Müxbir Bütün xəbərlər

Lənkəran. Trend:

2026-cı ilin yanvar–oktyabr aylarında Azərbaycanda istehlakçı müraciətləri arasında qüsurlu malların satışı ilə bağlı şikayətlər ilk yeri tutub. Bu məsələ ilə bağlı 2 122 müraciət qeydə alınıb.

Trend-in müxbiri xəbər verir ki, bunu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İstehlak bazarına nəzarət şöbəsinin müdiri Yusif Tapdıqlı “İstehlakçıların əsas hüquqları və onların müdafiəsi” mövzusunda keçirilən media təlimində deyib.

Onun sözlərinə görə, keyfiyyətsiz və qüsurlu xidmətlərlə bağlı 1 684, istehlakçıların digər hüquqlarının pozulması ilə bağlı 1 483, müqavilə şərtlərinin pozulması ilə bağlı isə 1 097 müraciət daxil olub.

Lazımi keyfiyyətə malik malın istehlakçının tələbi ilə dəyişdirilməməsi və ya geri götürülməməsi ilə bağlı 608, istehlakçıların aldadılması ilə bağlı 577, digər hallarla bağlı isə 452 müraciət qeydə alınıb.

Agentliyə ödənilmiş vəsaitin geri qaytarılmaması ilə bağlı 242, keyfiyyətsiz və sertifikatsız malların satışı ilə bağlı 184, mal və xidmətlər barədə istehlakçılara məlumat verilməməsi ilə bağlı isə 183 müraciət daxil olub.

Y.Tapdıqlı qeyd edib ki, bu ilin ilk 10 ayında 2 399 istehlakçı müraciəti təmin edilib və 314 997,5 manat vəsait geri qaytarılıb. Ötən ilin eyni dövründə 2 105 müraciət təmin edilib və 301 792,1 manat qaytarılıb. Qaytarılan vəsaitin məbləği illik müqayisədə 4,4 faiz artıb.

Xəbər lenti

Xəbər lenti