Bakı. Trend:
“Deepfake” texnologiyalarından istifadə etməklə hazırlanan saxta görüntü və səslər artıq hibrid hücumların tərkib hissəsidir. Generativ süni intellekt kiberhücumları daha ucuz, sürətli və inandırıcı edib, hücumların hədəfini isə sistemlərdən insanlara yönəldib.
Trend-in müxbirinin xəbərinə görə, bunu Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Dövlət CERT-inin rəhbəri Murad Balayev Bakıda Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfrans çərçivəsində baş tutan “İnformasiya müharibəsi və Deepfake: Rəqəmsal dövrdə həqiqətin qorunması” adlı paneldə çıxışı zamanı deyib.
O bildirib ki, generativ süni intellekt kiberhücumları üç əsas istiqamətdə dəyişdirib: hücumlar daha ucuz və sürətli olub, hədəf sistemlərdən insanlara yönəlib, dezinformasiya isə kütləvi və daha inandırıcı xarakter alıb.
M.Balayevin sözlərinə görə, əvvəllər mürəkkəb kiberhücumların həyata keçirilməsi böyük resurslar tələb edirdi və belə əməliyyatların arxasında, adətən, dövlət dəstəyi ilə fəaliyyət göstərən qabaqcıl davamlı təhdid qrupları dayanırdı. Hazırda isə süni intellekt hücum imkanlarını genişləndirib.
O, “Anthropic” şirkətinin bu ilin sentyabrında dərc etdiyi təhdid hesabatına istinad edərək bildirib ki, təsvir olunan hadisələrin birində hücum edən tərəf 34 saat ərzində 40-dan çox təşkilatda 2 100-dən artıq giriş tokenini ələ keçirib. Əməliyyatın demək olar ki, bütün hissəsi süni intellekt agentləri tərəfindən həyata keçirilib.
Mərkəz rəhbəri qeyd edib ki, ötən ilin noyabrında süni intellektin idarə etdiyi ilk kiberkəşfiyyat kampaniyası qeydə alınıb. Həmin kampaniya çərçivəsində təxminən 30 təşkilat hədəfə alınıb və əməliyyatın 80-90 faizi insan müdaxiləsi olmadan, süni intellekt modeli vasitəsilə icra edilib.
O, “Microsoft”un oktyabr hesabatına da diqqət çəkərək bildirib ki, yeni boşluq aşkarlandıqdan sonra 24 saatdan az müddətdə ondan hücumlarda istifadə olunur. İlkin giriş üsulu kimi fişinqin payı isə cəmi bir il ərzində 7 faizdən 23 faizə yüksəlib.
“Bizim üçün nəticə aydındır: boşluqların aradan qaldırılması üçün vaxt günlərdən saatlara enib və hücumun mürəkkəbliyi artıq onun arxasında kimin dayandığını göstərmir”, – deyə M.Balayev vurğulayıb.
O bildirib ki, müdafiə sistemləri gücləndikcə hücum edənlər birbaşa sistemləri sındırmaq əvəzinə insanları aldatmağa üstünlük verirlər. Süni intellekt isə bu hücumlara tanış səs və üz görüntüsü verməklə onların inandırıcılığını artırır.
M.Balayev “CrowdStrike”ın məlumatlarına istinadən qeyd edib ki, səsli fişinq hücumları bu ilin birinci yarısında iki dəfə artıb. Onun sözlərinə görə, sentyabrda ABŞ Federal Təhqiqat Bürosu (FBI) rəsmi şəxslərin adından həyata keçirilən dələduzluq cəhdləri ilə bağlı təxminən 61 min şikayət daxil olduğunu açıqlayıb. Bu hadisələr üzrə itkilər 1,6 milyard dolları ötüb.
O, həmçinin İnterpolun qiymətləndirməsinə əsasən, süni intellektin dəstəklədiyi dələduzluq hallarının ənənəvi üsullarla müqayisədə 4,5 dəfə daha gəlirli olduğunu bildirib.
Mərkəz rəhbəri “deepfake” texnologiyalarından istifadə edilən bir neçə hadisəni nümunə göstərib. Onun sözlərinə görə, bu ilin mayında Sinqapurda bir iş adamı “Zoom” platformasında keçirilən iclasa dəvət olunub. İclas zamanı ekranda ölkənin baş naziri, prezidenti, hökumət naziri və Mərkəzi Bankın nümayəndəsi kimi təqdim olunan şəxslər görünüb. Lakin onların görüntüləri “deepfake” texnologiyası ilə saxtalaşdırılıb.
M.Balayev qeyd edib ki, müzakirə həmin günün real geosiyasi gündəmi ilə, xüsusilə Hörmüz boğazındakı vəziyyətlə əlaqələndirilib. Məlumatlara görə, hadisə nəticəsində dəyən zərər ən azı 4,9 milyon Sinqapur dolları təşkil edib.
O, digər bir hadisənin birbaşa kiberdiplomatiya ilə əlaqəli olduğunu bildirib. Belə ki, 2025-ci ilin iyununda naməlum şəxs ABŞ dövlət katibinin süni intellekt vasitəsilə klonlaşdırılmış səsindən istifadə edərək “Signal” tətbiqi üzərindən üç xarici işlər naziri, bir qubernator və bir Konqres üzvü ilə əlaqə saxlayıb. Hadisədən sonra ABŞ Dövlət Departamenti bütün diplomatik nümayəndəliklərə xəbərdarlıq göndərib.
M.Balayevin sözlərinə görə, bu ilin yanvarında Yaponiyanın müdafiə nazirinin şəxsiyyətindən istifadə edilməklə də oxşar sxem həyata keçirilib.
“Bu halların hər ikisində heç bir sistem sındırılmayıb. Əksinə, insanların etibarı və diplomatik kanalın özünə olan etibar sarsıdılıb. Kiberdiplomatiya üçün bu, yeni risk kateqoriyasıdır”, – deyə o vurğulayıb.
Mərkəz rəhbəri “deepfake”lərin informasiya müharibəsindəki rolundan danışarkən bildirib ki, hibrid müharibə dövlətlərin yalnız hərbi deyil, iqtisadi, siyasi və informasiya sahələrində də apardıqları mübarizəni əhatə edir. İnformasiya müharibəsinin əsas vasitəsi dezinformasiyadır və “deepfake” bu dezinformasiyanın ən inandırıcı formalarından birinə çevrilib.
“Deepfake” texnologiyası yalanı mətnlə deyil, insanlara tanış olan üz və səs vasitəsilə çatdırır. Bu da saxta məlumatların daha asan qəbul edilməsinə şərait yaradır”, – deyə o qeyd edib.
M.Balayev bu ilin fevralında bölgəyə yaxın ərazidə başlayan müharibə ilə bağlı yayılan saxta materialları da nümunə göstərib. Bildirib ki, “The New York Times” qəzetinin hesablamalarına görə, müharibənin ilk iki həftəsində süni intellektlə yaradılmış 110-dan çox saxta video və təsvir qeydə alınıb. Dezinformasiya kampaniyalarından biri 14 gün ərzində 125 milyon baxış toplayıb.
O əlavə edib ki, Dubaydakı Bürc Xəlifə göydələninin yandığını göstərən saxta video da on milyonlarla dəfə izlənilib. Müharibədən bir gün əvvəl isə bir nəfər 31 sosial media hesabını sındıraraq onlardan saxta döyüş videolarının yayılması üçün istifadə edib.
“Başqa sözlə, kiberhücum və dezinformasiya bir əməliyyatda birləşdirilib”, – deyə M.Balayev bildirib.
O, seçkilər zamanı da “deepfake” texnologiyalarından istifadə edilməsinə diqqət çəkib. Qeyd edib ki, bu ilin payızında ABŞ-də Senat seçkiləri ilə əlaqəli namizədlərdən birinə qarşı saxta videolar yayılıb. Həmin video cəmi 24 saat ərzində 850 mindən çox baxış toplayıb və araşdırmaçılar bu hadisəni xarici təsir əməliyyatı ilə əlaqələndiriblər.
M.Balayev vurğulayıb ki, bu nümunələr hibrid müharibənin müxtəlif istiqamətlərinin bir-biri ilə əlaqəli olduğunu göstərir. Bir halda hədəf vətəndaşların maliyyə vəsaitləri, digər halda isə dövlətlərarası münasibətlər olur. Hər iki vəziyyətdə əsas vasitə dezinformasiyadır.
“Generativ süni intellekt yeni hücum növü yaratmayıb. O, mövcud hücumları daha ucuz, sürətli və inandırıcı edib. "Deepfake" isə hibrid müharibədə dezinformasiyanın üzü və səsidir”, – deyə o əlavə edib.
