Bakı.Trend:
Latviyanın yeni hökuməti rus dilinin ictimai məkanda istifadəsini məhdudlaşdırmaq üçün hüquqi baza yaratmaq məqsədilə derusifikasiya haqqında deklarasiya qəbul etməyi planlaşdırır.
“Delfi” xəbər verir ki, belə bir vəd Latviyanın yeni hökumətinin gələcək fəaliyyətinə dair dərc olunmuş bəyannaməsində yer alıb.
Çərşənbə axşamı axşam saatlarında Latviya Seymi baş nazir Andris Kulberqsin rəhbərlik edəcəyi yeni Nazirlər Kabinetinin tərkibini təsdiqləyib. Koalisiyanı seçkilərdə qalib gəlmiş “Birləşmiş Siyahı” və “Milli Alyans” partiyaları formalaşdırıb.
Dərhal yeni hökumətin fəaliyyət bəyannaməsinin mətni dərc olunub. Sənədin 118-ci bəndində hökumətin “derusifikasiya haqqında bəyannamə” qəbul etmək niyyəti qeyd edilir.
Sənəddə deyilir:
“Akademiklərin, tarixçilərin və sosiolinqvistlərin tövsiyələrini təsbit edərək, derusifikasiya haqqında bəyannamə qəbul edəcəyik. Bununla rus dilinin ictimai məkanda istifadəsinin məhdudlaşdırılması və latış dilinin yeganə dövlət dili kimi statusunun möhkəmləndirilməsi üçün hüquqi baza yaradacağıq”.
Hakimiyyət orqanları hələlik rus dilinin istifadəsinə konkret olaraq hansı məhdudiyyətlərin tətbiq ediləcəyini və bunun qanunvericilikdə necə tənzimlənəcəyini açıqlamayıb.
Bununla belə, hökumətin ictimai yerlərdə, informasiya məkanında və iş yerlərində latış dilinin istifadəsini genişləndirmək niyyətində olduğu məlumdur. Bundan əlavə, Riqa yalnız latış dilində məzmun dərc edən nəşriyyatlara dəstək vəd edir.
