Lənkəran. Trend:
1994-cü ildə qəbul edilmiş “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əsaslı dəyişiklikləri nəzərdə tutan layihə hazırlanıb.
Trend-in müxbiri xəbər verir ki, bunu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İstehlak bazarına nəzarət şöbəsinin müdiri Yusif Tapdıqlı “İstehlakçıların əsas hüquqları və onların müdafiəsi” mövzusunda keçirilən media təlimində deyib.
Onun sözlərinə görə, Azərbaycan keçmiş SSRİ ölkələri arasında istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunu qəbul edən ilk ölkələrdən biridir. BMT-nin istehlakçılarla bağlı rəhbər prinsipləri əsasında qəbul olunan qanun istehlakçıların yeddi əsas hüququnu əhatə edir.
Y.Tapdıqlı bildirib ki, ötən müddətdə qanuna bir sıra dəyişikliklər edilsə də, əsaslı dəyişikliklər qəbul olunmayıb.
“Bu istiqamətdə artıq işimizi yekunlaşdırmışıq və qanun layihəsi hazırdır. Hazırda Milli Məclis çərçivəsində aidiyyəti qurumlarla razılaşdırma mərhələsindədir. Bundan sonra, yəqin ki, Milli Məclisə təqdim olunacaq”, – deyə o qeyd edib.
