Bakı.Trend:
Ermənistanda TRIPP layihəsinin həyata keçirilməsi çərçivəsində xidmət və işlərin satın alınması üçün 16 milyon dram (44 min dollar – red.) vəsait ayrılıb.
Bu barədə müvafiq qərar noyabrın 19-da Ermənistan hökumətinin iclasında qəbul edilib.
Ayrılan vəsait hesabına ərazinin təmizlənməsi üzrə hazırlıq işləri aparılacaq.
Xüsusilə, tunellərin daş və tullantılardan təmizlənməsi, ərazidə toplanmış torpağın daşınması və digər işlərin görülməsi nəzərdə tutulur.
Qeyd edək ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Prezidentinin iştirakı ilə birgə bəyannamə imzalayıblar. Sənəddə regional əlaqələrin bərpası çərçivəsində Zəngəzur dəhlizinin (“Tramp marşrutu”) istifadəyə verilməsi nəzərdə tutulur. Bununla yanaşı, iki ölkənin xarici işlər nazirləri “Sülh və Dövlətlərarası Münasibətlər haqqında” Sazişi paraflayıblar.
