Bakı.Trend:
Qırğızıstan və Türkmənistan Çin – Qırğızıstan – Özbəkistan – Türkmənistan – Azərbaycan – Avropa marşrutu üzrə multimodal nəqliyyat dəhlizinin inkişafını müzakirə ediblər. Çin – Qırğızıstan – Özbəkistan dəmir yolu istifadəyə verildikdən sonra bu marşrutun imkanlarının daha da genişlənəcəyi gözlənilir.
Qırğızıstan Nazirlər Kabinetinin məlumatına görə, bu məsələ Qırğızıstan Nazirlər Kabinetinin sədr müavini – su ehtiyatları, kənd təsərrüfatı və emal sənayesi naziri Yerlist Akunbekovun Türkmənistana işgüzar səfəri çərçivəsində bu ölkənin nəqliyyat-kommunikasiya kompleksinə kuratorluq edən Nazirlər Kabinetinin sədr müavini Məmməd Akməmmədovla cümə axşamı keçirilən görüşdə müzakirə olunub.
Tərəflər nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi və regional bağlantıların möhkəmləndirilməsi üçün böyük potensialın olduğunu bildiriblər. Akunbekov Türkmənistanı Qırğızıstan yüklərinin Xəzər regionuna və Avropaya çıxışını təmin edə biləcək mühüm tranzit tərəfdaşı adlandırıb.
Onun sözlərinə görə, iki ölkənin nəqliyyat-logistika imkanlarından daha səmərəli istifadə yükdaşımaların coğrafiyasının genişlənməsinə, qarşılıqlı ticarət dövriyyəsinin artmasına və Mərkəzi Asiyanın digər regionlarla nəqliyyat əlaqələrinin möhkəmlənməsinə töhfə verəcək.
Görüşdə Çin – Qırğızıstan – Özbəkistan dəmir yolunun tikintisinə də xüsusi diqqət yetirilib. Gözlənilir ki, dəmir yolu istifadəyə verildikdən sonra Türkmənistan və Azərbaycan üzərindən Avropaya uzanan yeni multimodal marşrutun formalaşdırılması mümkün olacaq.
Tərəflər bu dəhlizin reallaşdırılmasının yük axınının artmasına, malların çatdırılma müddətinin qısalmasına və beynəlxalq daşımaların rəqabət qabiliyyətinin yüksəlməsinə imkan verəcəyini qeyd ediblər.
Bundan əlavə, Qırğızıstan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) üzrə yükdaşımaların təşkili üçün Türkmənbaşı Beynəlxalq Dəniz Limanından daha geniş istifadə etməkdə maraqlı olduğunu bildirib.
Akməmmədov Türkmənistanın Qırğızıstan tərəfinə Türkmənbaşı limanından istifadə üçün güzəştli şərtlər təklif etməyə hazır olduğunu bəyan edib. Əldə olunmuş razılaşmaların müvafiq qurumlar arasında praktiki əməkdaşlıq çərçivəsində inkişaf etdirilməsi nəzərdə tutulur.
Görüşün yekununda tərəflər beynəlxalq yükdaşımalar, logistika infrastrukturunun inkişafı və iki ölkənin tranzit potensialından istifadə sahələrində əməkdaşlığı fəallaşdırmaq barədə razılığa gəliblər.
