İstanbulda “Bir Zəfər, iki şəhər” konsert proqramı keçirilib (FOTO)

Cəmiyyət Press-reliz 19 Noyabr 2026 21:11 (UTC +04:00)
İstanbulda “Bir Zəfər, iki şəhər” konsert proqramı keçirilib (FOTO)

Bakı. Trend:

8 Noyabr – Zəfər Gününün altıncı ildönümü münasibətilə Türkiyənin İstanbul şəhərində “Bir Zəfər, iki şəhər” adlı konsert proqramı təşkil olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Azərbaycan Diasporuna Dəstək Fondunun, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) və Bakı Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə tarixi və məşhur “Grand Pera Emek” səhnəsində keçirilən tədbirdə yüzlərlə soydaşımız, eləcə də mədəniyyət və incəsənət nümayəndələri iştirak ediblər.

Konsertdən əvvəl “Grand Pera Emek” səhnəsinin foyesində iştirakçılara Elsevər Ömərovun təqdimatında Azərbaycan milli mətbəxinin təamları təqdim edilib. Pianoçu Günel Nəsirovanın canlı ifaları tədbirə xüsusi bayram ovqatı qatıb.
Tədbirin rəsmi hissəsində Azərbaycanın İstanbul şəhərindəki Baş konsulu Zamin Əliyev, Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev və Bakı Mədəniyyət Mərkəzinin rəhbəri Emil Davudzadə və Azərbaycanın məşhur komediya layihəsi olan "Bu şəhərdə"nin rəhbəri, direktoru və ssenaristi Müşfiq Abbasov çıxış ediblər.

Çıxışlarda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi Zəfərin əhəmiyyətindən, Azərbaycan-Türkiyə qardaşlığından, xaricdə yaşayan soydaşlarımız arasında milli həmrəyliyin möhkəmləndirilməsinin vacibliyindən və Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasının önəmindən bəhs olunub.

Bədii hissədə Azərbaycanın Əməkdar artistləri Rafael İsgəndərov və Coşqun Rəhimov “Bu şəhərdə” konsert-tamaşası ilə çıxış ediblər. Həmçinin Lalə Tağıyevanın solisti olduğu “Rapsodi” və “Rüzgar” musiqi qrupları, pianoçu Cəmil Abdullayev, müğənnilər Jay Meel, Əli Türkoğlu, Arif Neymətov və Fidan Hüseynova səhnə alıblar.
Qeyd edək ki, “Bir Zəfər, iki şəhər” konsert proqramı yeni yaradılan Bakı Mədəniyyət Mərkəzinin ilk böyük mədəniyyət layihəsidir. Tədbirin rejissoru Vüqar İslamzadə olub, layihənin təşkilati işlərinə Abdul Abdullayev rəhbərlik edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti