SOCAR və SLB seysmoloji məlumatların emalı sahəsində əməkdaşlıqla bağlı saziş bağlayıb

İqtisadiyyat Xəbər 19 Noyabr 2026 19:55 (UTC +04:00)
SOCAR və SLB seysmoloji məlumatların emalı sahəsində əməkdaşlıqla bağlı saziş bağlayıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı.Trend:

SOCAR və ABŞ-nin SLB şirkəti seysmik məlumatların emalı və vizuallaşdırılması sahəsində əməkdaşlıq sazişi imzalayıb.

"SOCAR Exploration" şirkətinin məlumatında bildirilir ki, sənəd "SOCAR Exploration" və SLB arasında karbohidrogenlərin kəşfiyyatı, işlənməsi və hasilatı üzrə ayrı-ayrı layihələr çərçivəsində texniki əməkdaşlığın əsaslarını müəyyən edir. Qeyd olunur ki, bu əməkdaşlıq yeraltı geoloji strukturların öyrənilməsinin dəqiqliyini artırmaq, geoloji qeyri-müəyyənlikləri azaltmaq və daha əsaslandırılmış qərarlar qəbul etmək üçün seysmik məlumatların emalında qabaqcıl metodların tətbiqinə imkan verəcək.

"Sözügedən əməkdaşlıq həmçinin bilik mübadiləsinə, seysmik məlumatların emalı sahəsində daxili potensialın gücləndirilməsinə, xüsusilə tam dalğa inversiyası (FWI) metodunun və qabaqcıl dərinlik təsviri texnologiyalarının tətbiqinə, eləcə də gənc azərbaycanlı geofiziklərin peşəkar inkişafına töhfə verəcək. Hər iki komandanı təbrik edir və bu sazişin imzalanması istiqamətində göstərdikləri səylərə görə onlara təşəkkürümüzü bildiririk. Səmərəli və qarşılıqlı faydalı əməkdaşlığa ümid edirik", - deyə "SOCAR Exploration" qeyd edib.

SLB enerji sektorunda 100 ildən artıqdır fəaliyyət göstərən beynəlxalq texnologiya şirkətidir. Şirkət dünyanın 100-dən çox ölkəsində təmsil olunur.

SLB-nin əsas fəaliyyət istiqamətlərinə neft-qaz sənayesi üçün texnologiyaların hazırlanması və tətbiqi, enerji sektorunun rəqəmsallaşdırılması, sənayedə karbon emissiyalarının azaldılması, həmçinin yeni enerji sistemlərinin yaradılması və genişləndirilməsi daxildir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti