Bakı.Trend:
Almaniyanın "Lufthansa Airlines" aviaşirkəti Frankfurt və Münhen şəhərlərindəki əsas aviasiya qovşaqlarında (hub) 1 000 iş yerini ixtisar etməyi planlaşdırır.
Bu barədə SZ.de agentliyin əldə etdiyi sənədə istinadən məlumat yayıb.
Söhbət tam ştatlı iş yerlərinin ixtisarından gedir.
“Frankfurt və Münhen aviasiya qovşaqlarında "Lufthansa Airlines" altqrupu üzrə ümumilikdə 1 000 tam ştatlı iş yerini ixtisar etməyi planlaşdırırıq”, – deyə məktubda bildirilib. Sənədi "Lufthansa Airlines" şirkətinin rəhbəri Yens Ritter və daha dörd yüksək vəzifəli menecer imzalayıb.
Şirkət rəhbərliyi ixtisarların səbəbi kimi maliyyə itkilərini göstərir. 2026-cı ilin ilk doqquz ayında "Lufthansa Airlines"in düzəliş edilmiş əməliyyat zərəri 180 milyon avro təşkil edib ki, bu da ayda orta hesabla 20 milyon avro deməkdir.
Rəhbərliyin sözlərinə görə, 2026-cı ilin üçüncü rübündə maliyyə nəticələri ötən ilin eyni dövrü ilə müqayisədə daha zəif olub. Qrupun əsas brendi artıq ardıcıl üçüncü ildir maliyyə baxımından uğursuz fəaliyyət göstərir.
Məktubda "Lufthansa Airlines" xərclərin strukturu, səmərəlilik və məhsuldarlıq baxımından rəqabət qabiliyyətini itirmiş şirkət kimi xarakterizə olunub.
