Fransız müstəmləkəçiliyinin izləri: Hanoydakı Hoaloa həbsxanasının tarixi Trend-in fotoreportajı (FOTO/VİDEO)

Cəmiyyət İcmal 20 Noyabr 2026 11:45 (UTC +04:00)
Fransız müstəmləkəçiliyinin izləri: Hanoydakı Hoaloa həbsxanasının tarixi Trend-in fotoreportajı (FOTO/VİDEO)
Ləman Zeynalova
Ləman Zeynalova
Baş redaktorun müavini Bütün xəbərlər

Hanoy.Trend:

Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnama rəsmi səfərini işıqlandırmaq məqsədilə Azərbaycan jurnalistlərindən ibarət nümayəndə heyətinin Hanoy şəhərinə səfəri çərçivəsində Trend-in müxbiri Vyetnamın müstəqillik uğrunda mübarizəsinin xatirəsini yaşadan, ölkə paytaxtının ən tanınmış tarixi məkanlarından biri olan Hoaloa tarixi kompleksini ziyarət edib.

Hoaloa həbsxanası 1896-cı ildə Fransanın müstəmləkə hakimiyyəti tərəfindən keçmiş Fukan dulusçuluq kəndinin ərazisində inşa edilib. Bu həbsxana fransızların Hind-Çində yaratdığı ən böyük həbsxanalardan biri olub və Vyetnam vətənpərvərlərinin, eləcə də milli azadlıq hərəkatının iştirakçılarının saxlanılması üçün nəzərdə tutulub.

Minlərlə məhbus bu həbsxananın divarları arasında saxlanılıb. Onlar fiziki və psixoloji işgəncələrə məruz qalıb, ağır şəraitdə yaşamağa məcbur edilib, ərzaq çatışmazlığından, antisanitariya şəraitindən və xəstəliklərdən əziyyət çəkiblər. Lakin Vyetnam inqilabçıları həbsdə olarkən belə siyasi fəaliyyətlərini davam etdirərək həbsxananı özünəməxsus inqilabi hərəkat məktəbinə çeviriblər. Məhbuslar arasında Vyetnamın müstəqillik uğrunda mübarizəsinin bir çox tanınmış xadimləri və gələcək dövlət rəhbərləri də olub.

1954-cü ildə Şimali Vyetnam azad edildikdən sonra həbsxana məhbusların saxlanılması üçün istifadə olunmağa davam edib. Vyetnam müharibəsi dövründə, 1964–1973-cü illərdə kompleksin bir hissəsi Şimali Vyetnam ərazisi üzərində vurulan amerikalı hərbi pilotların saxlanıldığı yerə çevrilib. Məhz onlar həbsxanaya istehzalı şəkildə “Hanoy Hiltonu” adını veriblər. Burada saxlanılan əsirlər arasında gələcək ABŞ senatoru Con Makkeyn və sonradan ABŞ-nin Vyetnamdakı ilk səfiri olmuş Duqlas Piterson da olub.

1993-cü ildə Hanoyun sürətli inkişafı fonunda keçmiş həbsxana kompleksinin bir hissəsi qorunub saxlanılaraq tarixi muzeyə çevrilib. Bu gün Hoaloa Vyetnam vətənpərvərlərinin və ölkənin müstəqilliyi uğrunda mübarizə aparanların xatirəsinə ucaldılmış memorial, eləcə də gənc nəslə ölkə tarixini tanıdan mühüm maarifləndirici mərkəz kimi fəaliyyət göstərir.

Bu gün ziyarətçilər həbsxananın qorunub saxlanılmış otaqlarını, tarixi eksponatları və Vyetnam tarixinin ən dramatik səhifələrindən biri ilə yaxından tanış olmağa imkan verən memorial məkanları görə bilərlər.

Hoaloa Hanoyun mərkəzində yerləşən sadəcə tarixi məkan deyil, həm də Vyetnam xalqının dözümlülüyünün, azadlıq və müstəqillik arzusunun rəmzidir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti