Bakı.Trend:
Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu – TBNM) inkişafı çərçivəsində dəmir yolları, avtomobil yolları və logistika infrastrukturunun kompleks maliyyələşdirilməsi vasitəsilə daha çox özəl kapitalın cəlb edilməsi üçün imkanlar görür.
Bu barədə AİİB-in dövlət sektoru üzrə (2-ci region), eləcə də müştərilərin layihə və korporativ maliyyələşdirilməsi üzrə baş investisiya direktoru Konstantin Limitovski Trend-ə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu artıq AIİB-in Qazaxıstandakı əsas fəaliyyət istiqamətlərindən biridir. Bank marşrut boyunca həm dəmir yolu, həm də avtomobil yolu infrastrukturunun inkişafını dəstəkləyir.
Dəmir yolu sektorunda AİİB “Qazaxıstan Dəmir Yolları” SC-nin (KTJ) iki iri investisiya layihəsini dəstəkləyir. İlk layihə 322,3 kilometr uzunluğunda Moyıntı–Qızıljar yeni dəmir yolu xəttinin tikintisini nəzərdə tutur. Bu xətt dəmir yolunun buraxılış qabiliyyətini artırmağa, Şərqi Asiya ilə Avropa arasında yüklərin tranzit müddətini azaltmağa imkan verəcək.
Layihənin həyata keçirilməsi üçün AİİB 564 milyon ABŞ dolları məbləğində borc üzrə qismən zəmanət təqdim edir. Bununla yanaşı, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının (BYİB) 846 milyon ABŞ dollarınadək zəmanətləri də nəzərdə tutulub. Bu, KTJ-yə uzunmüddətli kommersiya maliyyələşməsi cəlb etməyə kömək edəcək.
İkinci layihə Almatının şimal kənarı boyunca təxminən 75 kilometr uzunluğunda elektrikləşdirilmiş yükdaşıma dəmir yolu xəttinin inşasını nəzərdə tutur. AİİB bu layihənin həyata keçirilməsi üçün 150 milyon ABŞ dolları məbləğində kredit ayırıb.
Avtomobil yolları ilə bağlı layihələr dəmir yolu infrastrukturuna yatırımları tamamlayır. Belə ki, Bank Jezqazqan–Qaraqandı avtomobil yolunun təxminən 498 kilometrlik hissəsinin modernləşdirilməsi üçün 650 milyon ABŞ dolları məbləğində maliyyələşməni təsdiqləyib. Layihə çərçivəsində iqlim dəyişikliklərinin təsirlərinə davamlılığın və yol hərəkəti təhlükəsizliyinin artırılması üzrə tədbirlər nəzərdə tutulur.
Bundan əlavə, AİİB A-27 magistralının Atırau–Dossor avtomobil yolunun 87 kilometrlik hissəsinin yenidən qurulması üçün 238 milyon ABŞ dolları məbləğində maliyyələşməni təsdiqləyib. Bu layihə Atırau vilayətində nəqliyyat əlaqələrinin təhlükəsizliyini və səmərəliliyini artırmağa imkan verəcək.
Gələcək perspektivlərdən danışan K. Limitovski Bankın bütün Orta Dəhlizin inkişafına daha kompleks yanaşmaya keçmək imkanlarını nəzərdən keçirdiyini bildirib.
“Gələcəkdə AİİB bütün dəhlizi əhatə edən daha kompleks yanaşmaya keçmək imkanı görür. Söhbət avtomobil və dəmir yolu infrastrukturu, eləcə də mümkün olduqda logistika sahəsində bir-biri ilə əlaqəli investisiyaların dəstəklənməsindən gedir. Bu investisiyalar bütövlükdə marşrut üzrə daşımaların sürətlənməsinə və onun rəqabət qabiliyyətinin artırılmasına imkan verəcək. Dövlət borclanması, zəmanətlər və suveren olmayan maliyyələşdirmə mexanizmlərinin birləşdirilməsi dəhlizin inkişafına daha çox özəl kapitalın cəlb edilməsinə də şərait yarada bilər”, – deyə o bildirib.
Bankın direktoru qeyd edib ki, Tərəfdaşlıq üzrə Çərçivə Sazişi (TÇS) AİİB-in Qazaxıstanla əməkdaşlığının inkişafında mühüm mərhələ olub. Saziş Bankın ölkədəki əməliyyatları üçün hüquqi baza yaradır və həm suveren, həm də qeyri-suveren maliyyələşdirməni nəzərdə tutur. Eyni zamanda, hər bir layihənin şərtləri onun xüsusiyyətləri nəzərə alınmaqla müəyyən edilə bilər.
“Praktikada bu saziş tərəfdaşlığın ayrı-ayrı sövdələşmələr çərçivəsindən çıxaraq daha genişmiqyaslı və sistemli investisiya əməkdaşlığına keçməsinə kömək edəcək. Belə əməkdaşlıq çərçivəsində infrastruktura dövlət investisiyaları qeyri-dövlət sektorunun maliyyələşdirilməsi və özəl kapitalın cəlb edilməsi ilə uzlaşdırılacaq”, – deyə o bildirib.
Tərəfdaşlıq üzrə Çərçivə Sazişi, həmçinin AIİB-in Qazaxıstan hökuməti ilə birgə hazırladığı 2025–2029-cu illər üzrə Çoxillik Yenilənən İnvestisiya Layihələri Siyahısını tamamlayır.
“Hazırda siyahıya ümumi dəyəri 6 milyard ABŞ dollarınadək olan potensial infrastruktur layihələri daxil edilib. Əsas istiqamətlər nəqliyyat əlaqələrinin inkişafı, yaşıl enerjiyə keçid, səhiyyə və iqlim dəyişikliklərinə davamlılığın artırılmasıdır. Bu məbləğ AİİB-in Qazaxıstandakı iştirakının yuxarı həddi deyil. Kommersiya baxımından səmərəli layihələr yarandıqca qeyri-suveren maliyyələşdirmə əməliyyatları və yeni imkanlar mövcud siyahı ilə paralel şəkildə, eləcə də ondan əlavə nəzərdən keçirilə bilər”, – deyə o bildirib.
Onun sözlərinə görə, tərəfdaşlığın həm layihələrin sayına, həm də miqyasına görə genişlənəcəyi gözlənilir.
“Bu, nəqliyyat, energetika, sosial infrastruktur və iqlim layihələrinə investisiyalar kimi sahələrdə həm dövlət qurumlarının, həm də özəl sektorun iştirakı ilə daha geniş əməliyyat spektri deməkdir. Eyni zamanda, zəmanətlərdən, dövlət-özəl tərəfdaşlığı mexanizmlərindən və birgə maliyyələşdirmədən daha fəal istifadəni nəzərdə tutur”, – deyə bankın nümayəndəsi bildirib.
K. Limitovski izah edib ki, 6 milyard ABŞ dollarınadək olan məbləğ potensial infrastruktur investisiyalarının təxmini həcmini əks etdirir. Layihələr portfeli davamlı yenilənən planlaşdırma və investisiya sistemidir. Hər bir layihə hazırlıq səviyyəsi, texniki, iqtisadi, ekoloji və sosial meyarlar üzrə tələblərə cavab verməli, həmçinin AIİB-in standart kompleks yoxlama və təsdiq prosedurlarından keçməlidir. Bununla belə, maliyyələşdirmənin tempi ilk növbədə layihələrin hazırlıq səviyyəsindən və Qazaxıstan hökumətinin prioritetlərindən asılı olacaq, sabit illik limitlə müəyyən edilməyəcək.
“Suveren maliyyələşdirmə, eləcə də özəl sektorun maliyyələşdirilməsi üzrə əlavə imkanlar mövcud layihələr siyahısından kənarda da nəzərdən keçirilə bilər. Zamanla tərəfdaşlığın miqyası daha da genişlənə bilər”, – deyə o bildirib.
Bankın nümayəndəsi izah edib ki, Tərəfdaşlıq üzrə Çərçivə Sazişi vahid maliyyələşdirmə strukturunu və ya vahid maliyyə şərtləri toplusunu müəyyən etmir. Layihənin xüsusiyyətlərindən asılı olaraq, AIİB kreditlər və zəmanətlər də daxil olmaqla, suveren və qeyri-suveren maliyyələşdirmənin geniş spektrli alətlərindən istifadə edə bilər. Hər bir əməliyyat üçün müvafiq maliyyələşdirmə strukturu ayrıca müəyyənləşdirilir. AIİB-in maliyyələşdirmə sistemi Banka kommersiya maliyyələşməsinin səfərbər edilməsinə kömək etmək üçün müxtəlif alətlərdən istifadə etməyə də imkan verir.
“Suveren maliyyələşdirmə çərçivəsində verilən kreditlər üzrə AIİB-in qüvvədə olan maliyyələşdirmə sistemi maksimum 35 il yekun ödəmə müddətini və maksimum 20 il orta ödəmə müddətini nəzərdə tutur. Bununla yanaşı, ödəniş qrafikləri və əsas borcun amortizasiya strukturu mümkün olduğu hallarda konkret layihənin xüsusiyyətlərinə uyğunlaşdırılır”, – deyə o bildirib.
O əlavə edib ki, AİİB-in suveren kreditləri bazar prinsipləri əsasında müəyyən edilən dəyişkən faiz dərəcəsi ilə təqdim olunur. Bu dərəcə bazar üzrə baza faiz dərəcəsi və tətbiq olunan kredit spredindən formalaşır. Spredin həcmi isə digər amillərlə yanaşı, kreditin ödəmə müddətlərinin strukturundan asılıdır.
“Buna görə də Sazişə bütövlükdə tətbiq olunan vahid faiz dərəcəsi və ya ödəmə müddəti mövcud deyil. Hər bir maliyyələşdirmənin şərtləri istifadə olunan alətdən, valyutadan, ödəmə müddətindən, ödəniş qrafikindən, layihənin strukturundan və onun hazırlanması zamanı mövcud olan bazar şərtlərindən asılı olacaq”, – deyə K. Limitovski bildirib.
K. Limitovski qeyd edib ki, AİİB-in Qazaxıstanla əməkdaşlığı dörd prioritet istiqamətə yönəlib: nəqliyyat və regional əlaqələrin inkişafı, yaşıl enerjiyə keçid, səhiyyə və sosial infrastruktur, eləcə də iqlim dəyişikliklərinə davamlılıq və yaşıl infrastruktur.
Onun sözlərinə görə, bu istiqamətlərin hər biri Qazaxıstanın milli inkişaf hədəflərini dəstəkləyir və artıq Bankın ölkədəki layihələr portfelində, eləcə də perspektiv layihələr siyahısında öz əksini tapıb.
“Nəqliyyat və regional əlaqələrin inkişafı əməkdaşlığın əsas istiqamətlərindən biridir. Buraya Orta Dəhliz boyunca avtomobil və dəmir yolu infrastrukturu daxildir. AİİB artıq avtomobil və dəmir yollarının əsas hissələrində müvafiq layihələri təsdiqləyib”, – deyə bankın nümayəndəsi bildirib.
K. Limitovski vurğulayıb ki, yaşıl enerjiyə keçid bərpaolunan enerji mənbələrindən elektrik enerjisinin istehsalını, enerji saxlama sistemlərini, elektrik şəbəkəsi infrastrukturunu, enerji səmərəliliyinin artırılmasını və müvafiq siyasət islahatlarını əhatə edir.
2026-cı ilin aprelində AİİB “İnklüziv və dayanıqlı iqtisadi artım” adlı İnkişaf Siyasətinin Dəstəklənməsi Layihəsi çərçivəsində Qazaxıstana 400 milyon ABŞ dolları ayrılmasını təsdiqləyib. Proqram bərpaolunan enerji və enerji səmərəliliyi sahələrində hökumət islahatlarının dəstəklənməsinə, elektrik və istilik enerjisi sektorlarının maliyyə dayanıqlığının təmin edilməsinə, eləcə də emissiyaların idarə edilməsinin təkmilləşdirilməsinə yönəlib.
Onun sözlərinə görə, səhiyyə və sosial infrastruktur sahəsində AİİB dövlət-özəl tərəfdaşlığı (DÖT) əsasında Kökşetau şəhərində xəstəxananın tikintisi layihəsinin həyata keçirilməsi təcrübəsinə, həmçinin hökumətlə birgə müəyyən edilmiş gələcək investisiya imkanlarına əsaslanır.
K. Limitovski qeyd edib ki, iqlim dəyişikliklərinə davamlılıq və yaşıl infrastruktur bütün sektorlarda AIİB-in fəaliyyətinə getdikcə daha geniş şəkildə inteqrasiya olunur. Buraya, o cümlədən iqlim dəyişikliklərinə davamlı yolların tikintisi və aşağı karbon emissiyalı nəqliyyatın inkişafı daxildir.
“Bu istiqamətlərin hər birində AIİB dövlət borclanmasının yeganə maliyyələşmə mənbəyi olaraq qalmaması üçün daha çox özəl kapital cəlb etməyə və dövlət sektorundan kənar kommersiya baxımından səmərəli əməliyyatları inkişaf etdirməyə çalışır. AIİB və Qazaxıstan yaşıl infrastrukturu, özəl kapitalın cəlb edilməsini və qeyri-dövlət sektorunun iştirakını gələcək əməkdaşlığın mühüm istiqamətləri kimi birgə müəyyən ediblər”, – deyə o bildirib.
O, həmçinin qeyd edib ki, Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) Qazaxıstanla tərəfdaşlığında suveren maliyyələşdirmə ilə yanaşı, qeyri-suveren maliyyələşdirmə, yaşıl investisiyalar və özəl kapitalın cəlb edilməsi getdikcə daha mühüm yer tutur.
“Ölkədə bu yanaşmanın, xüsusilə bərpaolunan enerji sahəsində artıq konkret nümunələri var. AİİB ümumi gücü 420 MVt olan üç külək elektrik stansiyası layihəsinə qeyri-suveren maliyyələşdirmə ayırıb. Bunlar Janatas KES-ə 46,7 milyon dollar, Şokpar KES-ə 40 milyon dollar və ümumi gücü 220 MVt olan, beş külək elektrik stansiyasını əhatə edən CPIH Kazakhstan portfelinə 88 milyon dollar məbləğində maliyyə vəsaitidir”, – deyə o bildirib.
O vurğulayıb ki, Janatas və Şokpar layihələri Avropa Yenidənqurma və İnkişaf Bankı, eləcə də digər kommersiya və iqlim maliyyələşdirməsi tərəfdaşları ilə birgə maliyyələşdirilib.
Bu təcrübəyə əsaslanaraq, AİİB hazırda Cambıl vilayətində daha böyükmiqyaslı layihəni nəzərdən keçirir. Layihə 1 GVt gücündə külək elektrik enerjisi istehsalı gücünün 300 MVt gücündə və 600 MVt/saat tutumunda enerji saxlama sistemi ilə birləşdirilməsini, həmçinin təxminən 300 km uzunluğunda elektrik ötürücü xətlərinin tikintisini nəzərdə tutur. Bu layihə üzrə AİİB-in maliyyələşdirmə payı hələ müəyyən edilməyib.
Limitovski əlavə edib ki, eyni yanaşma energetika sahəsindən kənarda da tətbiq olunur. Səhiyyə sektorunda AİİB dövlət-özəl tərəfdaşlığı (DÖT) əsasında Kökşetau şəhərində 630 çarpayılıq xəstəxananın tikintisi üçün 113,9 milyon dollar məbləğində maliyyələşdirməni təsdiqləyib. Bu layihə özəl sektorun iştirakına əsaslanan mexanizmlərin sosial infrastrukturun yaradılmasına necə töhfə verdiyini nümayiş etdirir.
“AİİB, həmçinin Qazaxıstanın infrastruktur layihələrinə digər kreditorların və investorların cəlb edilməsini təmin edən maliyyələşdirmə mexanizmlərindən daha geniş istifadə etməyi planlaşdırır. Məsələn, nəqliyyat sektorunda Almatı şəhərini dolanan dəmir yolu xəttinin tikintisi üçün AİİB-in krediti dövlət zəmanəti olmadan, qeyri-suveren əsaslarla Qazaxıstan Dəmir Yolları (KTZ) şirkətinə təqdim edilir. Bu kredit Beynəlxalq Maliyyə Korporasiyası (IFC) və Çoxtərəfli İnvestisiyaların Zəmanəti Agentliyi (MIGA) ilə birgə təşkil olunmuş, ümumi həcmi 300 milyon dollar ekvivalentinədək olan maliyyələşdirmə paketinin tərkib hissəsidir. Bu cür mexanizmlər dövlət borclanmasına düşən yükü azaltmaqla iri infrastruktur layihələrinin həyata keçirilməsinə imkan yaradır”, – deyə o bildirib.
