Bakı. Trend:
Norveç və Böyük Britaniya Qara dənizdəki dəniz dəhlizinin təhlükəsizliyini təmin etmək məqsədilə Ukraynaya ümumi dəyəri 1 milyard Norveç kronu (102,3 milyon dollar) olan sürətli patrul katerləri göndərəcək.
Bu barədə Norveçin Baş naziri Yonas Qar Störenin ofisi məlumat yayıb.
“Norveç-Britaniya əməkdaşlığı Ukraynanın özünü, iqtisadiyyatını və Qara dəniz vasitəsilə taxıl ixracı da daxil olmaqla, həyati əhəmiyyətli ixracını qorumaq imkanlarını gücləndirəcək”, - deyə hökumət başçısının mətbuat xidmətinin yaydığı məlumatda onun sözləri sitat gətirilib.
Məlumata görə, Norveç və Böyük Britaniyanın baş nazirləri Berlində “Könüllülər koalisiyası”nın nümayəndələri ilə görüş zamanı Ukraynaya dəstəklərini elan ediblər.
Ukraynaya təhvil verilməsi planlaşdırılan iki sürətli patrul kateri bir sıra Avropa təchizatçılarının avadanlıqları, komponentləri və sistemləri ilə təchiz olunacaq.