ABŞ Prezidenti Donald Tramp Çin Xalq Respublikasında Rusiya Prezidenti Vladimir Putinlə danışıqlardan sonra Avropa ölkələrinin liderlərini və Ukrayna Prezidenti Volodimir Zelenskini Rusiya ilə sülh sazişi bağlamağa çağırıb.
Bu barədə “The Washington Post” qəzeti öz mənbələrinə istinadən yazıb.
Qəzetin məlumatına görə, Avropa İttifaqı rəhbərliyinin Berlində keçirilən görüşü zamanı Tramp prezident təyyarəsindən zəng edərək bildirib ki, onun qənaətinə görə, Putin “müharibədən yorulub” və bir neçə ay əvvəl razılaşmayacağı güzəştlərə indi getməyə hazırdır.
ABŞ Prezidenti, həmçinin Avropa İttifaqına Ukraynaya milyardlarla dollar xərcləmək əvəzinə, həmin vəsaiti öz ölkələrinin ehtiyaclarına yönəltməyi tövsiyə edib.
Bununla belə, Vladimir Putin Donald Trampla görüşdən sonra əvvəlki tələblərini bir daha təsdiqləyib. O, Ukrayna qoşunlarının Donbas ərazisindən çıxarılmasını tələb edib. Putin, həmçinin Krım körpüsünə endirilən zərbələrdən sonra məhdud atəşkəs üzrə danışıqların bərpası imkanını istisna edib və cavab hücumları ilə hədələyib.
Avropa ölkələrinin liderləri isə Ukraynanı maliyyələşdirməyə davam etmək niyyətində olduqlarını bildiriblər. Almaniya kansleri Fridrix Merts Vladimir Putin, Donald Tramp və Çin Sədri Si Cinpinin Şençjendəki görüşünü “foto çəkilişi üçün fürsət” adlandırıb. Fransa Prezidenti Emmanuel Makron isə Ukraynanın NATO-ya üzvlüyü məsələsinə yenidən baxılmasını təklif edib.
ABŞ Prezidentinin xüsusi nümayəndələri Cared Kuşner və Stiv Uitkoff isə Vaşinqtonun Avropanın iştirakı ilə sülh sazişinə nail olmağa ümid etdiyini bildiriblər.
Kuşnerin sözlərinə görə, ABŞ Rusiyanı Ukrayna üçün NATO Nizamnaməsinin 5-ci maddəsinə bənzər Qərb təhlükəsizlik təminatlarını qəbul etməyə yaxınlaşdırmağa nail olub.
