"S&P Global Ratings" Azərbaycan Biznesinin İnkişafı Fondunun reytinqi üzrə proqnozlarını yaxşılaşdırıb

İqtisadiyyat Xəbər 20 Noyabr 2026 09:40 (UTC +04:00)
"S&P Global Ratings" Azərbaycan Biznesinin İnkişafı Fondunun reytinqi üzrə proqnozlarını yaxşılaşdırıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı.Trend:

"S&P Global Ratings" Beynəlxalq reytinq agentliyi Azərbaycan Biznesinin İnkişafı Fondunun (ABDF) uzunmüddətli kredit reytinqi üzrə proqnozunu “stabil”dən “pozitiv”ə yüksəldib, fondun uzunmüddətli və qısamüddətli kredit reytinqlərini isə “BB/B” səviyyəsində təsdiqləyib.

Bu barədə "S&P Global Ratings"in məlumatında bildirilib.

“Proqnozun yenidən nəzərdən keçirilməsi 2025-2026-cı illərdə Sahibkarlığın İnkişafı Fondunun (EDF) və Azərbaycan İnvestisiya Şirkətinin (AIC) inteqrasiyasından sonra fondun Azərbaycan hökuməti ilə əlaqələrinin güclənməsi ilə bağlıdır.

ABDF dövlətin iqtisadi siyasətinin həyata keçirilməsində mühüm rol oynamağa davam edəcək, qarşıdakı illərdə borc yükünü minimum səviyyədə saxlayacaq və ölkədə iqtisadi şəraitin yaxşılaşmasından, ehtimal ki, faydalanacaq”, - deyə agentliyin məlumatında bildirilir.

"S&P Global Ratings" qeyd edib ki, fond 2025-ci ilin sonunda idarəetmə strukturunun formalaşdırılmasını başa çatdırıb:

“Sonradan əməliyyat prosedurları vahidləşdirilib, risklərin idarə edilməsi mexanizmlərinə yenidən baxılıb və 2026-cı ilin fevralında yeni limitlər sisteminin təsdiqlənməsindən sonra maliyyə təşkilatlarına kreditləşmə bərpa olunub. Bundan əlavə, fond sahibkarlar üçün bir sıra yeni məhsullar təqdim edib. Agentlik inteqrasiya prosesi zamanı ciddi əməliyyat risklərinin qeydə alınmadığını da bildirib.

S&P-nin qiymətləndirməsinə əsasən, birləşmədən sonra ABDF Azərbaycan İqtisadiyyat Nazirliyinin himayəsi altında bu sahədə siyasəti həyata keçirən yeganə maliyyə institutuna çevrilib. Agentlik həmçinin qeyd edir ki, hökumət neft hasilatının azalması fonunda iqtisadiyyatın özəl qeyri-neft sektorunun stimullaşdırılması zərurətini nəzərə alaraq, fond vasitəsilə göstərilən dəstəyin həcmini artırmaq imkanını nəzərdən keçirir.

2022-2026-cı illərdə Azərbaycan hökuməti ABDF-yə və onun əvvəlki strukturlarına 263 milyon manat (154 milyon ABŞ dolları) vəsait yönəldib, həmçinin fond vasitəsilə subsidiyalar üçün əlavə 250 milyon manat (147 milyon ABŞ dolları) ayırıb.

Bundan başqa, hazırda fondun Müşahidə Şurasına Azərbaycanın iqtisadiyyat naziri rəhbərlik edir. Şuranın tərkibinə hökumətin digər yüksək vəzifəli nümayəndələri də daxildir.

Fond üçün əsas kredit riski mənbəyi maliyyə təşkilatlarına yatırılan vəsaitlər, o cümlədən dövlət proqramları çərçivəsində verilən kreditlər və likvid vəsaitlərin yerləşdirilməsi olaraq qalır. Bununla yanaşı, bankların risk iştahının məhdudlaşdırılmasına yönəlmiş tənzimləyici tədbirlər nəticəsində bank sektorunda kreditləşmə və borcalanların qiymətləndirilməsi standartları yaxşılaşıb”, - deyə "S&P Global Ratings"in məlumatında qeyd olunur.

Pozitiv proqnoz S&P Global Ratings-in gözləntilərini əks etdirir. Belə ki, agentlik qarşıdakı 12-18 ay ərzində Azərbaycanın kredit qabiliyyətinin yaxşılaşması və ya ölkədə fəaliyyət göstərən bankların üzləşdiyi kredit risklərinin azalması halında fondun reytinqlərini yüksəldə bilər.

Bununla yanaşı, dövlətin kredit qabiliyyətinin yaxşılaşmasının çətin olduğu və bank sektoru üçün iqtisadi risklərin əvvəlki səviyyədə qalacağı qənaətinə gələrsə, agentlik proqnozu “stabil” səviyyəsinə dəyişə bilər.

Xəbər lenti

Xəbər lenti