Bakı. Trend:
Orta Dəhlizin imkanlarından daha səmərəli istifadə etmək, yükdaşımaları sürətləndirmək və beynəlxalq ticarəti genişləndirmək üçün sərhəd-keçid prosedurları sadələşdirilməli, rəqəmsal nəqliyyat sənədlərinin tətbiqi genişləndirilməli və ölkələr arasında əməkdaşlıq gücləndirilməlidir.
Bu barədə Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (IRU) məlumatında bildirilib.
Məlumata görə, IRU-nun baş katibi Habib Turki Banqkokda BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) təşkil etdiyi bir sıra yüksək səviyyəli tədbirlərdə iştirak edib. O, Beşinci Nəqliyyat Nazirləri Konfransında çıxışı zamanı nəqliyyat dəhlizlərinin səmərəliliyinin yalnız yol və digər fiziki infrastrukturun inkişafından asılı olmadığını vurğulayıb.
Onun sözlərinə görə, beynəlxalq ticarətin inkişafı üçün sərhəd prosedurlarının düzgün və çevik təşkili də mühüm əhəmiyyət daşıyır.
"Ticarət sərhədlər düzgün işlədikdə daha səmərəli olur. Sərhədlərin fəaliyyəti yaxşılaşdıqda isə ticarət və inkişaf üçün imkanlar genişlənir", – deyə H.Turki bildirib.
IRU-nun baş katibi ticarətin asanlaşdırılmasına daha çox investisiya yatırılmasının, sərhəd prosedurlarının uyğunlaşdırılmasının və rəqəmsal nəqliyyat sənədlərinin tətbiqinin genişləndirilməsinin vacibliyini qeyd edib.
O, Orta Dəhlizin artan əhəmiyyətinin alternativ ticarət marşrutlarının inkişafına ehtiyacı daha da aktuallaşdırdığını bildirib. Bununla belə, dəhlizin potensialından tam istifadə etmək üçün sərhədlərdə yaranan maneələrin aradan qaldırılması və daşımaların səmərəliliyinin artırılması zəruridir.
Bu kontekstdə IRU-nun tətbiq etdiyi beynəlxalq TIR sisteminin əhəmiyyəti vurğulanıb. Bildirilib ki, bu sistem sərhədlərdən keçid müddətini 92%-dək, nəqliyyat xərclərini isə 50%-dək azalda bilir. Bundan əlavə, eTIR və eCMR kimi rəqəmsal alətlər sənədləşmə prosesini sadələşdirməyə, kağız dövriyyəsini azaltmağa və təchizat zəncirlərində proqnozlaşdırıla bilənliyi artırmağa imkan verir.
Dənizə çıxışı olmayan ölkələr üçün nəqliyyat dəhlizlərinin əhəmiyyəti
H.Turki UNESCAP və İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) birgə təşkil etdiyi digər tədbirdə də çıxış edərək 2024–2034-cü illər üzrə Dənizə Çıxışı Olmayan İnkişaf Etməkdə olan Ölkələr üçün Avaza Fəaliyyət Proqramının həyata keçirilməsində avtomobil nəqliyyatının roluna diqqət çəkib.
O bildirib ki, dünyanın dənizə birbaşa çıxışı olmayan 32 inkişaf etməkdə olan ölkəsi üçün səmərəli avtomobil nəqliyyatı və tranzit sistemləri dəniz limanlarına, beynəlxalq bazarlara və iqtisadi imkanlara çıxışın əsas vasitələrindəndir.
Bununla yanaşı, sərhədlərdə gecikmələr, mürəkkəb prosedurlar və nəqliyyat dəhlizlərinin səmərəsiz fəaliyyəti ticarətin və iqtisadi inkişafın qarşısını alan əsas amillər olaraq qalır.
"Sərhəddə qənaət edilən hər saat daha aşağı xərclər, yüksək rəqabət qabiliyyəti və bazarlara daha geniş çıxış deməkdir", – deyə IRU-nun baş katibi vurğulayıb.
Onun sözlərinə görə, beynəlxalq nəqliyyat konvensiyalarından istifadənin genişləndirilməsi və regional əməkdaşlığın gücləndirilməsi ölkələrə coğrafi əlverişsizliyi iqtisadi imkanlara çevirməyə şərait yarada bilər.
Türkiyə və beynəlxalq təşkilatlarla əməkdaşlıq müzakirə olunub
Tədbirlər çərçivəsində H.Turki Türkiyənin nəqliyyat nazirinin müavini Durmuş Ünüvar və nazirliyin baş direktoru Burak Aykanla da görüşüb.
Görüşdə nəqliyyat dəhlizlərindəki maneələrin iqtisadi təsirləri, xüsusilə viza və icazələrlə bağlı məhdudiyyətlər, eləcə də BMT Baş katibinin Tranzit Azadlığı üzrə Yüksək Səviyyəli Paneli və Türkiyənin qarşıdan gələn Beynəlxalq Nəqliyyat Forumunun (ITF) sammitinə sədrliyi ilə bağlı əməkdaşlıq məsələləri müzakirə edilib.
ECO-nun baş katibi, səfir Asad M. Khan ilə görüşdə isə ticarət və nəqliyyat dəhlizlərinin fəaliyyətə gətirilməsi, ticarətin asanlaşdırılması və regional iqtisadi inteqrasiyanın gücləndirilməsi məqsədilə sərhədyanı ticarət zonalarının yaradılması məsələləri diqqət mərkəzində olub.
Bundan əlavə, ITF və BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) nümayəndələri ilə qarşıdakı ITF sammitinə və UNECE-nin Daxili Nəqliyyat Komitəsinin iclasına hazırlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
IRU qeyd edib ki, regional nəqliyyat əlaqələrinin inkişafı ilə bağlı təşəbbüslərin real nəticələrə çevrilməsi, sərhəd-keçid məntəqələrində və nəqliyyat dəhlizləri boyunca daşımaların yaxşılaşdırılması istiqamətində hökumətlər və beynəlxalq tərəfdaşlarla əməkdaşlığı davam etdirəcək.
