Bakı.Trend:
Vyetnam müharibədən yenicə çıxmışdı və neft-qaz sənayesini, demək olar ki, sıfırdan qurmağa başlamışdı. Bakı isə artıq uzun illər idi ki, Sovet İttifaqının ən böyük neft-qaz mərkəzlərindən biri hesab olunurdu. Xüsusilə dəniz qazma işləri, dəniz geoloji kəşfiyyatı, təhlükəsizliyin idarə olunması və kadr hazırlığı sahəsində Azərbaycanın böyük təcrübəsi var idi. Bu baxımdan, sovet mütəxəssislərinin, o cümlədən azərbaycanlı mühəndislərin Vyetnamda fəaliyyət göstərməsi ölkənin neft-qaz sənayesinin inkişafı üçün mühüm əhəmiyyət daşıyırdı.
Bu barədə Trend-ə açıqlamasında azərbaycanlı neftçi Tofiq Məmmədov deyib.
O qeyd edib ki, “Vietsovpetro” şirkəti 19 iyun 1981-ci ildə təsis olunub. Sovet İttifaqı Vyetnama yalnız avadanlıq və texnologiya göndərməklə kifayətlənmirdi, eyni zamanda yeni yaranmaqda olan neft-qaz sənayesinin inkişafına dəstək məqsədilə təcrübəli mütəxəssisləri də bu ölkəyə ezam edirdi.
"Mən də həmin mütəxəssislərdən biri idim. 1987-ci ildə Vyetnamın Vunq Tau şəhərinə gəldiyim zaman ölkənin neft-qaz sənayesi hələ ilkin inkişaf mərhələsində idi. “Bax Ho” yatağında ilk kommersiya neft hasilatına cəmi bir il əvvəl başlanmışdı. Dəniz layihələrində çalışan vyetnamlı mühəndislərin əksəriyyəti gənc idi, onların bir çoxu universiteti yenicə bitirmiş və ya cəmi bir neçə illik praktiki təcrübəyə malik idi. Bizim əsas vəzifəmiz bu mütəxəssislərə dəstək göstərmək, bilik və təcrübəmizi bölüşmək, Xəzər dənizində uzun illər ərzində qazanılmış təcrübəni Cənubi Çin dənizində tətbiq etmək idi.
“Vietsovpetro” şirkətində 1987–1992-ci və 1995–2007-ci illərdə çalışmışam. Fəaliyyətim dövründə baş mühəndisin müavini və təhlükəsizlik şöbəsinin rəhbəri vəzifələrini icra etmişəm. Bu vəzifələr çərçivəsində dəniz qurğularında təhlükəsizlik idarəetmə sisteminin hazırlanmasında və tətbiqində iştirak etmişəm. İşimiz neft və qaz sızmalarının, yanğınların qarşısının alınması, mümkün insidentlərə operativ müdaxilə, eləcə də əməkdaşlar üçün təhlükəsizlik təlimlərinin təşkili kimi mühüm istiqamətləri əhatə edirdi. 2007–2009-cu illərdə isə “Vietsovpetro” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəsi olmuşam", - deyə o bildirib.
T.Məmmədov əlavə edib ki, fəaliyyəti ərzində qarşılaşdığı ən yaddaqalan hadisələrdən biri 1988-ci ilin avqust ayının sonunda “Bax Ho” neft yatağının MSP-1 platformasında baş verib.
"Həmin vaxt 1 saylı quyuda qranit təməlinin təkrar tədqiqi zamanı quyuağzında maye fontanı yaranmışdı. Bu, ciddi risklərin mövcud olduğu və təxirəsalınmaz qərarların qəbul edilməsini tələb edən mürəkkəb vəziyyət idi. Hadisə barədə məlumat aldıqdan sonra qazma müəssisəsinin baş mühəndisi İsa Hacıyevlə birlikdə vəziyyəti yerində qiymətləndirmək və problemin həllinə kömək göstərmək üçün dərhal hava nəqliyyatı ilə platformaya yollandıq.
Quyu hazır vəziyyətə gətirildikdən sonra İsa Hacıyevlə birlikdə həmin dövr üçün kifayət qədər cəsarətli hesab olunan bir qərar qəbul etdik. Ənənəvi üsuldan istifadə etmək əvəzinə, qazma qurğusunun köməyi ilə neft hasilatını davam etdirmək qərarına gəldik. Nəticə gözlədiyimizdən də uğurlu oldu. Artıq ilk gün quyu sutkada təxminən 300 ton neft verdi. Sonrakı günlərdə isə hasilat sürətlə artaraq sutkada 1 200 tondan çoxa çatdı. Qranit təməlində neftin aşkarlanması Vyetnamın neft-qaz sənayesi üçün tamamilə yeni istiqamətin əsasını qoydu.
O vaxta qədər “Vietsovpetro” əsasən çökmə süxurlardan neft hasil edirdi və bu yataqlarda hasilat tədricən azalırdı. Lakin qranit təməlinin işlənməsi sənaye üçün dönüş nöqtəsinə çevrildi. Sonrakı illərdə neft hasilatı əhəmiyyətli dərəcədə artdı və 2002-ci ildə təxminən 13,5 milyon tonla pik həddə çatdı. Əlbəttə, bu nəticə yalnız bir və ya iki mütəxəssisin fəaliyyəti ilə əldə olunmayıb. Bu, geoloqların, qazma mühəndislərinin, menecerlərin və müxtəlif sahələrdə çalışan çoxsaylı mütəxəssislərin birgə əməyinin nəticəsi idi. Mən də həmin kollektivin üzvü kimi Azərbaycanın, xüsusilə Xəzər dənizində formalaşmış neft-qaz təcrübəsinin Vyetnamda tətbiqinə öz töhfəmi verməyə çalışmışam", - deyə neftçi vurğulayıb.
Onun sözlərinə görə, Vyetnamda çalışdığı dövr ölkənin neft-qaz sənayesinin formalaşması və inkişafı baxımından çox mühüm mərhələ idi.
"Biz yalnız texniki məsələlərin həlli ilə məşğul olmur, eyni zamanda yerli kadrların hazırlanmasına, təhlükəsizlik mədəniyyətinin formalaşmasına və gələcək mütəxəssislərin təcrübə qazanmasına da diqqət yetirirdik. Hesab edirəm ki, Azərbaycanın neft sənayesində topladığı təcrübənin Vyetnamla bölüşülməsi iki ölkə arasında əməkdaşlığın ən mühüm istiqamətlərindən biri olub. Bu fəaliyyətimə görə Vyetnam dövləti tərəfindən “Dostluq” ordeni və III dərəcəli Əmək ordeni ilə təltif olunmağım mənim üçün böyük şərəfdir. Bu mükafatları həm şəxsi əməyimə verilən qiymət, həm də Azərbaycan mütəxəssislərinin Vyetnamın neft-qaz sənayesinin inkişafına verdiyi töhfənin təqdir olunması kimi qəbul edirəm"
