GECO "Xəzər dənizi – Qara dəniz – Avropa" enerji dəhlizinin perspektivlərini təqdim edib

Yaşıl iqtisadiyyat Xəbər 20 Noyabr 2026 13:18 (UTC +04:00)
GECO "Xəzər dənizi – Qara dəniz – Avropa" enerji dəhlizinin perspektivlərini təqdim edib
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı.Trend:

"Green Energy Corridor Power Company" (GECO) şirkəti 15-ci Buxarest Forumunda Qara dənizdən keçən enerji dəhlizi layihəsinin həyata keçirilməsini müzakirə edib.

GECO-nun məlumatına görə, şirkətin baş direktoru Yusif Qayıbov və İdarə Heyətinin üzvü Florin Stançu “Qara dənizin formalaşdırılması və təhlükəsizliyinin təmin edilməsi: strateji region üçün kritik enerji infrastrukturu” mövzusunda panel müzakirəsində iştirak ediblər.

Tədbir noyabrın 19-da Rumıniya parlamentinin binasında keçirilib. Forum Rumıniya Aspen İnstitutu və ABŞ-nin Alman Marşall Fondu tərəfindən Rumıniya Prezidentinin yüksək himayəsi altında təşkil olunub.

“Panel müzakirəsi zamanı Yusif Qayıbov Xəzər və Qara dəniz regionlarının sualtı enerji və telekommunikasiya kabellərinin, liman infrastrukturunun və dəniz energetikasının inkişaf mərkəzlərinə sürətlə çevrildiyini qeyd edib.

Bu kontekstdə o, Azərbaycan və Gürcüstanı Qara dəniz vasitəsilə Rumıniya və Macarıstanla birləşdirəcək yüksək gərginlikli sabit cərəyan (HVDC) elektrik xəttinin inşasını nəzərdə tutan "Green Energy Corridor" layihəsini xüsusi vurğulayıb. İlk birləşdirici xəttin 2032-ci ildə istifadəyə verilməsi planlaşdırılır.

GECO-nun baş direktoru bu miqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi üçün əsas şərtlər barədə də danışıb. O, maliyyələşmənin cəlb edilməsini, transsərhəd əməkdaşlığın tənzimlənməsini, təchizat zəncirlərinin inkişafını, eləcə də sualtı infrastrukturun layihələndirmə mərhələsindən etibarən təhlükəsizliyinin və dayanıqlılığının təmin edilməsini bu şərtlər sırasına daxil edib”, – deyə şirkətin məlumatında bildirilir.

Panel müzakirəsində, həmçinin Rumıniya Hərbi Dəniz Qüvvələrinin qərargah rəisi, vitse-admiral Mixay Panait, Rumıniyanın Energetika Nazirliyinin dövlət katibi Marius Poşa, Meridiam şirkətinin nümayəndəsi David Delqado-Romero, OMV Petrom şirkətinin nümayəndəsi Aleksandru Maksimesku və GECO-nun səhmdarlarından biri olan "Transelectrica" şirkətini təmsil edən Florin Stançu iştirak ediblər.

Qeyd edək ki, “Xəzər dənizi – Qara dəniz – Avropa Yaşıl Enerji Dəhlizi” Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın iştirak etdiyi transsərhəd elektrik enerjisinin ötürülməsi layihəsidir. Layihənin əsası 2022-ci il dekabrın 17-də Buxarestdə Avropa Komissiyasının iştirakı ilə imzalanmış Strateji Tərəfdaşlıq Sazişi çərçivəsində qoyulub.

Layihə hər birinin gücü 1,3 giqavat (GVt) olan üç elektrik xəttindən ibarət, ümumi gücü 3,9 GVt təşkil edəcək enerji dəhlizinin yaradılmasını nəzərdə tutur.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti