Bakı. Trend:
Azərbaycan 2026-cı ilin yanvar-sentyabr aylarında Vyetnamdan 188 min 684 ədəd smartfon idxal edib. Bu məhsulların alınmasına 73 milyon dollar vəsait xərclənib.
Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.
Deputatın sözlərinə görə, hesabat dövründə Azərbaycanla Vyetnam arasında ticarət dövriyyəsi 136 milyon dollar təşkil edib. Bunun 134,9 milyon dolları Vyetnamdan idxalın payına düşüb. Doqquz ay ərzində Azərbaycan Vyetnamla 641 adda məhsul üzrə ticarət əlaqəsi qurub.
V.Bayramov qeyd edib ki, Vyetnamdan idxalda əsas yeri texnika və avadanlıqlar tutur. Belə ki, hesabat dövründə Azərbaycana 4,9 milyon dollar dəyərində kommutasiya qurğuları daxil olmaqla səsin, təsvirin və digər məlumatların qəbul edilməsi, çevrilməsi, ötürülməsi və ya bərpası üçün maşınlar idxal olunub.
Bundan başqa, Vyetnamdan 4,6 milyon dollar dəyərində kütləsi 10 kiloqramdan çox olmayan portativ hesablama maşınları, 2,9 milyon dollar dəyərində tozsoranlar, 2,5 milyon dollar dəyərində məlumatların işlənməsi üçün rəqəm blokları, yaddaş, giriş və çıxış qurğuları, 2,4 milyon dollar dəyərində elektron modullar gətirilib.
İdxal olunan digər məhsullar sırasında 2,2 milyon dollar dəyərində mikrofonla birləşdirilmiş və ya birləşdirilməmiş qulaqcıqlar və baş telefonları, 2 milyon dollar dəyərində keşyu fındığı, 1,4 milyon dollar dəyərində printerlər, surətçıxarma və faks aparatları, eləcə də 1,4 milyon dollar dəyərində doğranmamış və döyülməmiş Piper növlü istiot yer alıb.
Həmçinin 1,3 milyon dollar dəyərində altlığı rezin və ya plastmasdan, üstü isə tekstil materiallarından olan ayaqqabılar, 1,1 milyon dollar dəyərində statik dəyişdiricilər, 1 milyon dollar dəyərində hesablama maşınlarının yaddaş qurğuları idxal edilib.
Bununla yanaşı, Vyetnamdan 959 min dollar dəyərində tutumu 10 kiloqramdan çox quru paltar üçün nəzərdə tutulan paltaryuyan maşınlar, 835 min dollar dəyərində pərakəndə satış üçün qablaşdırılmış dərman vasitələri və 782 min dollar dəyərində dondurulmuş naqqa balığı gətirilib.
Deputat bildirib ki, hesabat dövründə Azərbaycanın Vyetnama ixracının 90 faizindən çoxunu tütün təşkil edib. Bu ölkəyə 1 milyon dollar dəyərində tütün ixracı həyata keçirilib, digər məhsulların ixracı isə nisbətən kiçik göstəricilərlə ifadə olunub.
V.Bayramovun fikrincə, Azərbaycanla Vyetnam arasında ticarət əlaqələrinin genişləndirilməsi üçün böyük potensial mövcuddur. O, Azərbaycan Prezidentinin Vyetnama səfərinin iki ölkə arasında iqtisadi əməkdaşlığa təkan verəcəyini gözlədiyini bildirib.
