Azərbaycanda xam neft və təbii qaz hasilatının dəyəri 32 milyard manatı ötüb

Energetika Xəbər 20 Noyabr 2026 15:21 (UTC +04:00)
Azərbaycanda xam neft və təbii qaz hasilatının dəyəri 32 milyard manatı ötüb
Sadiq Cavadov
Sadiq Cavadov
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı. Trend:

2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanda xam neft və təbii qaz hasilatının dəyəri 32,2 milyard manat təşkil edib.

Trend bu barədə Dövlət Statistika Komitəsinin hesabatı əsasında hesablamalar aparıb.

Hesabat dövründə mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 36,1 milyard manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 1,3 faiz azdır.

Mədənçıxarma sənayesində xam neft və təbii qaz hasilatının dəyəri 32 milyard 151,6 milyon manat təşkil edib. Bu göstərici illik müqayisədə 2,9 faiz azalıb.

Eyni zamanda, metal filizlərinin hasilatının dəyəri 1 milyard 13,9 milyon manat olub ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 54,6 faiz çoxdur. Mədənçıxarma sənayesinin digər sahələrində istehsalın dəyəri 178,4 milyon manat təşkil edərək 14,9 faiz azalıb. Mədənçıxarma sənayesi sahəsinə xidmətlərin göstərilməsinin dəyəri isə 2 milyard 740,5 milyon manata çatıb və illik müqayisədə 27 faiz artıb.

Hesabat dövründə Azərbaycanın əmtəəlik neft hasilatı 22,1 milyon ton, əmtəəlik təbii qaz hasilatı isə 31,8 milyard kubmetr təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə əmtəəlik neft hasilatı 3,7 faiz, əmtəəlik qaz hasilatı isə 1,5 faiz azalıb.

Qeyd edək ki, 2026-cı ilin yanvar-oktyabr aylarında ölkədə sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən ümumilikdə 58,5 milyard manatlıq sənaye məhsulu istehsal edilib. Bu, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 0,7 faiz azdır.

Sənaye məhsulunun istehsalı neft-qaz sektorunda 1,7 faiz azaldığı halda, qeyri-neft-qaz sektorunda 4,8 faiz artıb. Ümumi sənaye məhsulunun 61,6 faizi mədənçıxarma, 32,5 faizi emal, 4,9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarının payına düşüb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti