Bakı. Trend:
2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanda əmtəəlik neft hasilatı 22,1 milyon ton, əmtəəlik təbii qaz hasilatı isə 31,8 milyard kubmetr təşkil edib.
Trend bu barədə Dövlət Statistika Komitəsinin hesabatı əsasında hesablamalar aparıb.
Hesabata əsasən, hesabat dövründə mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 36 milyard 84,4 milyon manat olub. Bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 1,3 faiz azdır.
Mədənçıxarma sənayesinin əsas məhsullarından olan xam neftin (qaz kondensatı daxil olmaqla) hasilatı 22 milyon 235,9 min ton təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 3,5 faiz azalıb. Bunun 22 milyon 134 min tonu əmtəəlik neftin payına düşüb. Əmtəəlik neft hasilatı illik müqayisədə 3,7 faiz azalıb.
Təbii qaz hasilatı isə 41 milyard 942,6 milyon kubmetr olub. Bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,4 faiz azdır. İstehsal olunan qazın 31 milyard 775,7 milyon kubmetri əmtəəlik qazın payına düşüb. Əmtəəlik qaz hasilatında illik azalma 1,5 faiz təşkil edib.
Hesabat dövründə metal filizlərinin hasilatında əsas artım mis konsentratı üzrə qeydə alınıb. Belə ki, Azərbaycanda 15 min 998,7 ton mis konsentratı istehsal edilib. Bu, 2025-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 4,8 dəfə çoxdur.
Eyni zamanda, 3 min 221,3 kiloqram gümüş istehsal olunub ki, bu da illik müqayisədə 0,1 faiz artım deməkdir.
Qızıl istehsalı isə 2 min 763,6 kiloqram təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 6,6 faiz artıb.
Tikinti materiallarının istehsalında da artım qeydə alınıb
Mədənçıxarma sənayesinin digər məhsulları üzrə göstəricilərə gəlincə, 2026-cı ilin yanvar-oktyabr aylarında tikinti üçün əhəng daşı istehsalı 329 min ton olub. Bu, illik müqayisədə 35 faiz çoxdur.
Gips və anhidrit istehsalı 507,7 min ton təşkil edərək 1,2 faiz artıb. Tikinti qumu istehsalı 1 milyon 121,1 min tona çatıb ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 25,3 faiz çoxdur.
Çınqıl, qırmadaş, xırda çay daşı və çaxmaq daşı istehsalı 4 milyon 689,7 min ton olub. Bu məhsulların istehsalı illik müqayisədə 20,2 faiz artıb.
Bununla yanaşı, bentonit istehsalı 226,4 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 14,3 faiz azalıb. Duz istehsalı isə 78 min 709,7 ton olub ki, bu da illik müqayisədə 14,2 faiz artım deməkdir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı il noyabrın 1-nə mədənçıxarma sənayesi müəssisələrinin anbarlarında 307,9 min ton xam neft (qaz kondensatı daxil olmaqla) ehtiyatı olub.
Metal filizləri üzrə anbar ehtiyatlarına gəlincə, mis konsentratının həcmi 930,6 ton, gümüşün həcmi 786 kiloqram, qızılın həcmi isə 419,2 kiloqram təşkil edib.
Digər məhsullar üzrə anbarlarda 0,8 min ton tikinti üçün əhəng daşı, 4 min ton gips və anhidrit, 8,1 min ton tikinti qumu, 144 min ton çınqıl, qırmadaş və digər daş materialları, həmçinin 315,7 min ton bentonit ehtiyatı mövcud olub.
