Bakı.Trend:
Ermənistanın Ədliyyə Nazirliyi noyabrın 23-də ölkənin yeni Konstitusiya layihəsini dərc edəcək.
Armenpress agentliyinin məlumatına görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Milli Assambleyada çıxışı zamanı bildirib.
“ Bazar ertəsi Ədliyyə Nazirliyi yeni Konstitusiya layihəsini dərc edəcək və mən xalqa müraciət edəcəyəm”, – deyə Ermənistanın Baş naziri qeyd edib.
Qeyd edək ki, Ermənistanda yeni Konstitusiyanın hazırlanması ölkənin siyasi gündəmində mühüm məsələlərdən birinə çevrilib. Baş nazir Nikol Paşinyan daha əvvəl yeni Əsas Qanunun qəbul edilməsi üçün referendum keçirilməsinin vacibliyini vurğulayıb.
Yeni Konstitusiya layihəsi Azərbaycan-Ermənistan münasibətləri baxımından da diqqət çəkir. Belə ki, Azərbaycanın əsas tələblərindən biri Ermənistan Konstitusiyasının preambulasında istinad edilən 1990-cı il Müstəqillik Bəyannaməsindəki Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılmasıdır. Həmin bəyannamədə Azərbaycan ərazilərinin bir hissəsinin Ermənistanla birləşdirilməsinədair müddəa yer alır.
Bakı dəfələrlə bəyan edib ki, bu məsələ iki ölkə arasında sülh sazişinin imzalanması və uzunmüddətli sülhün təmin olunması ilə bağlı əsas maneədir.
Beləliklə, noyabrın 23-də dərc olunacaq yeni Konstitusiya layihəsində bu məsələnin necə əks olunacağı İrəvanın sülh prosesi ilə bağlı növbəti addımları baxımından xüsusi əhəmiyyət daşıyır.
