4 010 itkin, 200-dən çox dəfn yeri – Ermənistanın yerinə yetirmədiyi vəd

Gündəm Xəbər 20 Noyabr 2026 14:25 (UTC +04:00)
4 010 itkin, 200-dən çox dəfn yeri – Ermənistanın yerinə yetirmədiyi vəd
Vüqar İsmayılov
Vüqar İsmayılov
Bütün xəbərlər

Bakı. Trend:


Azərbaycan və Ermənistan arasında sülh gündəliyinin əsas humanitar məsələlərindən biri itkin düşmüş azərbaycanlıların taleyinin müəyyənləşdirilməsidir. Müharibələrdən onilliklər keçməsinə baxmayaraq, 4 010 Azərbaycan vətəndaşının taleyi hələ də məlum deyil. Azərbaycan tərəfi Ermənistanın bu şəxslərin taleyinə aydınlıq gətirə biləcək məlumatları təqdim etməsini gözləyir.


Məsələ yalnız itkin düşmüş şəxslərin ailələrinin illərdir davam edən narahatlığı ilə məhdudlaşmır. Bu, eyni zamanda humanitar hüquq, müharibə cinayətlərinin araşdırılması, qarşılıqlı etimad və regionda davamlı sülhün təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.


Ermənistanın açıqlamadığı 200-dən çox dəfn yeri
Ermənistan tərəfi itkin düşmüş şəxslər üzrə dövlət komissiyalarının təmasları zamanı 200-dən çox dəfn yerinin, o cümlədən kütləvi məzarlıqların yeri və koordinatlarını təqdim edəcəyinə dair vəd versə də, indiyədək bu məlumatları açıqlamayıb.
Halbuki, Azərbaycan tərəfi müxtəlif mənbələr və şahid ifadələri əsasında Birinci Qarabağ müharibəsində əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış vətəndaşların siyahısını Ermənistana təqdim edib.
Bununla yanaşı, Ermənistanın keçmiş yüksəkvəzifəli hərbçilərinin dəfn yerləri barədə məlumatlı olduqlarına dair açıqlamaları məsələnin əhəmiyyətini daha da artırır.
İşğaldan azad edilmiş ərazilərdə indiyədək 32 kütləvi məzarlığın aşkarlanması da problemin miqyasını göstərir. Həmin ərazilərdə insan qalıqlarının çıxarılması, şəxsiyyətlərinin müəyyənləşdirilməsi və ölüm şəraitinin araşdırılması istiqamətində işlər davam etdirilir.
Beynəlxalq Qızıl Xaç Komitəsinin qeydiyyatında olmuş 54 azərbaycanlı əsirin taleyi ilə bağlı məlumatlar da tam aydınlaşdırılmayıb. Təqdim olunan məlumatlara əsasən, 17 nəfərin nəşi qaytarılıb, saxlanma yerlərində öldüyü bildirilən 33 nəfərin nəşi isə hələ də ailələrinə təhvil verilməyib.


Sülh gündəliyində itkinlərin taleyi xüsusi yer tutur

2025-ci il avqustun 8-də Vaşinqtonda ABŞ Prezidentinin iştirakı ilə Azərbaycan və Ermənistan arasında Birgə Bəyannamə imzalanıb, sülh sazişinin mətni isə paraflanıb.
Saziş layihəsinin 9-cu maddəsində itkin düşmüş şəxslər və məcburi yoxaçıxma halları üzrə əməkdaşlıq nəzərdə tutulur. Bu əməkdaşlıq məlumat mübadiləsini, itkinlərin taleyinin müəyyənləşdirilməsini, insan qalıqlarının axtarılmasını və qaytarılmasını, eləcə də müvafiq araşdırmaların aparılmasını əhatə edir.
Azərbaycan tərəfi haqlı olaraq hesab edir ki, Ermənistanın dəfn yerləri və itkin şəxslərlə bağlı məlumatları təqdim etməsi sülh prosesində etimadın möhkəmləndirilməsi baxımından mühüm addım olardı.
Prezident İlham Əliyev 2026-cı il oktyabrın 7-də Bakı Dialoqu formatında keçirilən IV beynəlxalq konfransın iştirakçılarına müraciətində də bu məsələyə xüsusi diqqət ayırıb. Dövlət başçısı Ermənistanı itkinlər, arxiv sənədləri və dəfn yerləri barədə məlumatları təqdim etməyə çağırıb, həmçinin BMT çərçivəsində itkin düşmüş şəxslərlə bağlı xüsusi mexanizmin yaradılmasını təklif edib.


Azərbaycan QHT-ləri beynəlxalq ictimaiyyətə müraciət edir
İtkin düşmüş azərbaycanlıların taleyinin müəyyənləşdirilməsi tələbi yalnız dövlət səviyyəsində deyil, vətəndaş cəmiyyəti tərəfindən də beynəlxalq platformalarda gündəmə gətirilir.
“Qarabağ İtkin Ailələri” İctimai Birliyinin 2025-ci ildə Cenevrədə BMT-nin Avropa qərargahı qarşısında, “Sınıq stul” abidəsi yanında keçirdiyi aksiya itkin düşmüş azərbaycanlıların ailələrinin gözləntilərini beynəlxalq ictimaiyyətə çatdırmaq məqsədi daşıyıb.
2026-cı ilin oktyabrında isə Birlik Brüsseldə Avropa Parlamenti və Avropa İttifaqının digər təsisatları qarşısında silsilə aksiyalar keçirib.
Bununla yanaşı, Azərbaycanın “Gilavar” Foto Klubu İctimai Birliyi də beynəlxalq ictimaiyyətin diqqətini itkinlər və mina təhlükəsinə yönəltmək məqsədilə Avropada fotoekspozisiyalar təşkil edib.
2026-cı ilin oktyabrında təşkilat Cenevrə, Brno, Lyublyana, Sarayevo, Zaqreb, Salzburq, Roma və Milan şəhərlərində sərgilər keçirib. Ekspozisiyalarda Ermənistan tərəfindən dəqiq mina xəritələrinin və itkin düşmüş azərbaycanlılarla bağlı məlumatların təqdim edilməsi tələbi ön plana çıxarılıb.


İtkinlərin axtarışını çətinləşdirən mina təhlükəsi
İtkin düşmüş şəxslərin axtarışı ilə mina problemi də birbaşa əlaqəlidir. Bəzi kütləvi məzarlıqların ətrafında minaların aşkarlanması axtarış və ekshumasiya proseslərini çətinləşdirir.
Azərbaycana Ermənistanın təqdim etdiyi bəzi mina xəritələrinin dəqiqliyi aşağıdır, bir sıra ərazilər üzrə isə xəritələr ümumiyyətlə təqdim edilməyib. Xüsusilə 2020-ci ildən sonra formalaşmış keçmiş təmas xətti boyunca basdırılmış minaların xəritələri ilə bağlı məlumatların olmaması narahatlıq doğurur.
2023-cü ilin sentyabrında keçirilən antiterror tədbirlərindən sonra azad edilmiş ərazilərdə 500 mindən çox minanın və digər partlayıcı qurğuların aşkarlanması təhlükənin miqyasını bir daha göstərib.
Hazırda Qarabağ və Şərqi Zəngəzurda minalar yalnız keçmiş hərbi mövqelərdə deyil, yaşayış məntəqələrinin yaxınlığında, yollar boyunca, meşələrdə, çay sahillərində, əkin sahələrində və qəbiristanlıqlarda da aşkarlanır.
Bu səbəbdən dəfn yerlərinin dəqiq koordinatlarının və mina xəritələrinin təqdim edilməsi həm itkinlərin axtarışı, həm də mülki əhalinin təhlükəsizliyi baxımından vacibdir.


Ailələrin ədalət və cavab gözləntisi
İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan-Ermənistan münasibətlərində humanitar məsələlərin həlli baxımından əsas istiqamətlərdən biri olaraq qalır. Müharibənin başa çatmasından illər keçsə də, minlərlə ailə doğmalarının harada dəfn edildiyini, hansı şəraitdə həlak olduğunu və onların qalıqlarının harada olduğunu bilmir. Ermənistanın 200-dən çox dəfn yeri barədə məlumatları, arxiv sənədlərini və dəqiq mina xəritələrini təqdim etməsi bu qeyri-müəyyənliyin aradan qaldırılmasına kömək edə bilər.
Bu baxımdan, məsələ yalnız keçmiş müharibələrin nəticələrinin araşdırılması deyil, həm də ailələrin fundamental hüquqlarının təmin edilməsi, humanitar ədalətin bərpası və regionda davamlı sülhün möhkəmləndirilməsi məsələsidir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti