Bakı. Trend:
Bu ilin yanvar-oktyabr aylarında Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə 18 milyard 869,9 milyon kubmetr qaz nəql edilib.
Trend-in Dövlət Statistika Komitəsinin hesabatı əsasında hesablamasına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 267 milyon kubmetr və ya 1,4 faiz azdır.
Ümumilikdə, hesabat dövründə magistral qaz kəmərləri ilə 32 milyard 916,9 milyon kub-metr və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,3 faiz az qaz nəql edilib. Qazın nəqlinin 57,3 faizi (18 milyard 869,9 milyon kub-metr) Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib.
Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən qaz Azərbaycan, Gürcüstan və Türkiyəyə çatdırılır. Kəmər 2006-cı ilin sonunda istismara verilib və “Şahdəniz” yatağının işlənməsinin birinci mərhələsi çərçivəsində hasil olunan qazın nəqli başlanıb.
2018-ci ilin yayından etibarən isə “Şahdəniz” yatağının ikinci mərhələsi çərçivəsində hasil edilən qazın genişləndirilmiş qaz kəməri – TANAP vasitəsilə Türkiyəyə tədarükünə start verilib.
