Kimya sənayesində istehsalın dəyəri 2 milyard manata yaxınlaşıb

İqtisadiyyat Xəbər 20 Noyabr 2026 16:05 (UTC +04:00)
Kimya sənayesində istehsalın dəyəri 2 milyard manata yaxınlaşıb
Sadiq Cavadov
Sadiq Cavadov
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı. Trend:

2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 1 milyard 933,1 milyon manatlıq məhsul istehsal edilib.

Trend bu barədə Dövlət Statistika Komitəsinin hesabatı əsasında hesablamalar aparıb.

Hesabat dövründə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əczaçılıq məhsullarının istehsalı 47,4 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 6,6 faiz artıb. Bununla yanaşı, kimya sənayesi məhsullarının istehsalında 10 faiz azalma qeydə alınıb.

Kimya sənayesində ayrı-ayrı məhsul növləri üzrə göstəricilər fərqli dinamika nümayiş etdirib. Belə ki, lak-boya məmulatlarının istehsalı 30,4 faiz artaraq 45,2 min tona, qeyri-üzvi kimyəvi maddələrin istehsalı 56,6 faiz artaraq 29,2 min tona çatıb. Yod istehsalı isə 1,5 faiz azalaraq 165,7 ton təşkil edib.

Eyni zamanda, üzvi kimyəvi maddələrin istehsalı 21,6 faiz azalaraq 591,5 min tona düşüb. Bu məhsul qrupu üzrə etilen istehsalı 23,9 faiz azalaraq 99 min ton, propilen istehsalı 17,9 faiz azalaraq 99,4 min ton, metanol istehsalı isə 21,4 faiz azalaraq 317,3 min ton olub.

Digər məhsullar üzrə təsirsiz qazların istehsalı 3,3 faiz azalaraq 37,1 milyon kubmetrə, azot istehsalı 7,3 faiz azalaraq 18,6 milyon kubmetrə enib. Etil spirti istehsalında 18,2 faiz azalma qeydə alınaraq 52,6 min dekalitr təşkil edib.

Gübrə və azot birləşmələrinin istehsalı 10,4 faiz azalaraq 478,6 min ton, o cümlədən karbamid istehsalı 10,5 faiz azalaraq 477,5 min ton olub. İlkin formada plastik kütlələrin istehsalı 20,6 faiz azalaraq 201,3 min tona, polietilen istehsalı isə 22,9 faiz azalaraq 96,6 min tona düşüb.

Bunun əksinə olaraq, yapışqan və yapışdırıcı maddələrin istehsalı 17,3 faiz artaraq 166,4 min ton təşkil edib.

Əczaçılıq sənayesində isə artım dinamikası müşahidə olunub. Belə ki, dərman preparatlarının istehsalı 73,7 faiz artaraq 22,8 milyon manata, tibbi maskaların istehsalı isə 76 faiz artaraq 4,4 milyon ədədə çatıb.

Rezin və plastik kütlə məmulatlarının istehsalında da müsbət dinamika qeydə alınıb. Hesabat dövründə polietilendən kisə və çantaların istehsalı 21,2 faiz artaraq 15,8 min tona, məsaməli plastik kütlədən digər lövhə və plastinlərin istehsalı 18,9 faiz artaraq 30,2 min tona yüksəlib.

Bundan başqa, sərt plastmasdan borular, borucuqlar, qolçaqlar və şlanqların istehsalı 3,1 faiz artaraq 35,1 min ton təşkil edib. Plastik çubuqlar və profillərin istehsalı 11,7 faiz, polietilendən başqa plastik kisə və çantaların istehsalı 14,3 faiz artıb.

Plastik butulka və flakonların istehsalı 1,3 faiz, digər plastik məmulatların istehsalı 10,9 faiz, məsaməli plastik kütlədən rulon və lövhə formasında örtüklərin istehsalı isə 44,2 faiz artıb.

Beləliklə, 2026-cı ilin ilk 10 ayında kimya sənayesində istehsalın azalmasına baxmayaraq, əczaçılıq və rezin-plastik məmulatlar sektorlarında artım qeydə alınıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti