Bakı. Trend:
Ermənistan 4 010 nəfər itkin düşmüş azərbaycanlının taleyi ilə bağlı məlumatları açıqlamalı, dəfn yerlərinin koordinatlarını təqdim etməlidir.
Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Deputat bildirib ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinin real nəticələr verməsi üçün müharibədən qalan humanitar problemlər də həll edilməlidir. Onun sözlərinə görə, onilliklərdir taleyi məlum olmayan azərbaycanlıların aqibətinin müəyyənləşdirilməsi bu məsələlərin ən vaciblərindəndir.
“Bu gün 4 010 nəfərin harada olması, hansı şəraitdə həlak olması və qalıqlarının harada basdırılması barədə ailələrinin cavab gözləməsi problemin miqyasını aydın göstərir. Burada söhbət sadəcə keçmiş münaqişənin nəticələrindən deyil, minlərlə insanın fundamental hüquqlarından və ailələrin mənəvi haqqının təmin olunmasından gedir”, - V.İskəndərov vurğulayıb.
O qeyd edib ki, Ermənistanın noyabrın 19-20-də İrəvanda itkin düşmüş şəxslərin taleyinə həsr olunmuş beynəlxalq konfrans keçirməsi müəyyən suallar doğurur. Deputatın fikrincə, humanitar dialoq və beynəlxalq əməkdaşlıq barədə bəyanatlar konkret addımlarla dəstəklənməlidir.
“Əgər Ermənistan həqiqətən də itkin ailələrinin taleyinə həssas yanaşırsa, onilliklərdir saxladığı məlumatları açıqlamaqla bunu nümayiş etdirməlidir. Çünki humanitar məsuliyyət tədbirlərin keçirilməsi ilə deyil, insanların suallarına cavab verilməsi ilə ölçülür”, - o bildirib.
V.İskəndərov diqqətə çatdırıb ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə olunan razılaşmalar itkinlər probleminin həlli istiqamətində də imkanlar yaradıb. Belə ki, paraflanmış sülh sazişi layihəsində itkin düşmüş şəxslər və məcburi yoxaçıxma halları üzrə əməkdaşlıq məsələsi nəzərdə tutulub.
Deputatın sözlərinə görə, məlumatların qarşılıqlı mübadiləsi, dəfn yerlərinin müəyyənləşdirilməsi, insan qalıqlarının axtarılması və qaytarılması həm itkin ailələrinin gözləntilərinin qarşılanmasına, həm də tərəflər arasında etimadın möhkəmlənməsinə kömək edə bilər.
O xatırladıb ki, 2025-ci ilin fevralından Azərbaycan və Ermənistanın itkin düşmüş şəxslər üzrə dövlət komissiyaları arasında birbaşa təmaslara başlanılıb. Bu çərçivədə Azərbaycan tərəfi şahid ifadələri və müxtəlif mənbələr əsasında hazırlanmış siyahıları Ermənistana təqdim edib.
Bununla belə, V.İskəndərov Ermənistanın 200-dən artıq dəfn yeri və kütləvi məzarlığın koordinatlarını Azərbaycana təqdim etmək barədə verdiyi vədi indiyədək yerinə yetirmədiyini vurğulayıb. O bildirib ki, Ermənistanın keçmiş hərbi rəhbərliyinin nümayəndələrinin dəfn yerləri barədə məlumatlı olduqlarını açıqlamaları həmin informasiyaların əldə edilməsinin mümkünlüyünü göstərən mühüm məqamdır.
Deputat Beynəlxalq Qızıl Xaç Komitəsinin qeydiyyatında olmuş azərbaycanlı əsirlərin taleyinin də tam aydınlaşdırılmadığını diqqətə çatdırıb. Onun sözlərinə görə, qeydiyyatda olan 54 nəfərdən 17-sinin nəşi Azərbaycana qaytarılıb, saxlanma yerlərində öldüyü bildirilən 33 nəfərin qalıqları isə hələ də ailələrinə təhvil verilməyib.
“Belə hallarda beynəlxalq mexanizmlərin effektivliyi yalnız fəaliyyət hesabatları ilə deyil, əldə olunan nəticələrlə qiymətləndirilməlidir”, - V.İskəndərov əlavə edib.
