Bakı. Trend:
Məlum olduğu kimi noyabrın 19-da İrəvana səfər edən İranın rabitə və informasiya texnologiyaları naziri Seyid Səttar Haşemi növbəti gündə bir sıra görüşlər keçirib və görüşlərdə Tehranın İrəvanla əlaqələri inkişaf etdirmək niyyətində olduğunu diqqətə çatdırıb. Əslində, bu səfəri bir neçə aspektdən xarakterizə etmək mümkündür.
Öncə, iranlı nazirin görüşlərində müzakirə olunan məsələlərə diqqət yetirmək yerinə düşər. Səfər çərçivəsində iki ölkənin sərhəd bölgələrində tənzimləmə və radiofrekans spektrinin idarə olunması sahəsində koordinasiya, fiber-optik rabitə xətlərinin inkişafı və beynəlxalq trafik mübadiləsi üçün alternativ marşrutların yaradılması iki ölkə arasında əməkdaşlığın əsas istiqamətləri kimi göstərilib.
İranın Rabitə İnfrastruktur Şirkətinin Ermənistanın müvafiq qurumları ilə əməkdaşlığa hazır olması qeyd olunub. Süni intellekt, məlumatların təhlili, yarımkeçiricilərin layihələndirilməsi, sənaye avtomatlaşdırılması və kosmik texnologiyalar sahələrində əməkdaşlığın inkişafı maraq doğuran sahələr kimi qeyd olunub.
Birgə layihələrin həyata keçirilməsində iki ölkənin innovativ şirkətlərinin, universitetlərinin və tədqiqat mərkəzlərinin iştirakının vacibliyi xüsusi qeyd olunub.
Rəqəmsal hökumət, rəqəmsal identifikasiya və inteqrasiya olunmuş xidmətlər sahəsində İranın imkanları diqqət mərkəzində saxlanılıb və İran şirkətlərinin Ermənistanın rəqəmsal transformasiya layihələrində iştirak etməyə hazır olduğu bildirilib və bu barədə İrəvana təklif irəli sürülüb.
İranlı nazir Payam Xüsusi İqtisadi Zonası və Beynəlxalq Hava Limanının imkanlarına toxunaraq, iki ölkənin şirkətlərinin iştirakı ilə birgə investisiyaların yatırılması, avadanlıqların istehsalı və yığılması, texniki biliklərin ötürülməsi və texnoloji məhsulların ixracının inkişaf etdirilməsini təklif edib.
O, poçt və logistika sahəsində əməkdaşlığın inkişafını, beynəlxalq poçt göndərişlərinin mübadiləsi və tranzitinin asanlaşdırılmasını, özəl və innovativ şirkətlər arasında əlaqələrin genişləndirilməsini digər perspektivli əməkdaşlıq istiqamətləri kimi göstərib.
İran və Ermənistan arasında Norduz-Meğri sərhəd-keçid məntəqəsində birbaşa poçtların mübadiləsinin bərpa olunması və ikitərəfli poçt xidmətlərinin istifadəyə verilməsi, eləcə də başqa ölkələrdən Ermənistan vasitəsilə İran istiqamətində poçt bağlamalarının tranzit edilməsi imkanı diqqət mərkəzində saxlanılıb.
İranlı nazir əməkdaşlıq haqqında anlaşma memorandumunun layihəsinin hazırlanaraq qarşı tərəfə göndərildiyini xatırladıb, sənədin nəzərdən keçirilməsini və yekunlaşdırılmasını, eləcə də əldə olunmuş razılaşmaların icrası üçün birgə fəaliyyət planının hazırlanmasını istəyib.
İranlı nazir görüşlərdə ABŞ və İsrailin İrana qarşı hərbi hücumlarını qınamağı, bir sıra mülki şəxslərin həlak olmasına və ölkənin mülki infrastrukturuna ziyan dəyməsinə diqqət çəkməyi unutmayıb. O bu hücumlarda süni intellekt texnologiyalarından istifadənin diqqətəlayiq məsələlərdən biri olduğunu bildirib.
İranın kibertəhlükələrlə mübarizə sahəsində təcrübəsinə və bu təhdidlərin qarşısının alınması üçün müvafiq infrastruktura sahib olduğuna diqqət çəkən iranlı nazir İranın rabitə infrastrukturunun qorunması və kiberhücumların idarə olunması sahəsində öz təcrübə və imkanlarını Ermənistanla bölüşməyə hazır olduğunu da önə çəkib.
Ümumilikdə, səfər Tehranın Ermənistanla əməkdaşlığı ənənəvi siyasi və iqtisadi əlaqələrdən kənara çıxararaq, rəqəmsal texnologiyalar, kommunikasiya infrastrukturu, logistika və kibertəhlükəsizlik kimi strateji sahələrə genişləndirmək cəhdinin göstəricisi kimi qiymətləndirilə bilər.
İran artıq bir neçə aydır ki, dəniz blokadası, davamında isə hava blokadasının mənfi nəticələrini hiss etməkdədir. Bu məqsədlə quru sərhədlərlə ticarətini qorumağa və qonşu ölkələrin imkanlarından istifadə etməklə öz ehtiyaclarını təmin etməyə çalışır. İran sözügedən çərçivədə şərqdə, qərbdə və şimalda yerləşən ölkələrlə yaxınlaşmağa, münasibətləri yaxşılaşdırmağa çalışır.
İranın iqtisadi sahədə bir çox məhdudiyyətlərlə üzləşdiyi, dəniz və hava blokadası, saysız-hesabsız sanksiyalarla qarşılaşdığı hazırkı durumda belə bir addım atması və Ermənistana qucaqdolu təkliflər yağdırması diqqəti TRIPP (Trump Route for International Peace and Prosperity) layihəsinə yönəldir. Çünki iranlı nazirin infrastruktur və rabitə sahəsində danışdığı bir halda, ABŞ-nin adını hallandırması səfərin hansı aspektləri özündə ehtiva etdiyini açıq-aydın büruzə verir.
İran həmçinin Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində də Ermənistanı diqqət mərkəzində saxlamağa çalışır. İranda Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin 3 istiqaməti (Şərq marşrutu –Türkmənistanla, Orta marşrutu –Xəzər dənizi ilə, Qərb marşrutu – Azərbaycanla) müəyyənləşsə də, Ermənistanı təşviq etməklə 4-cü istiqaməti də öz marşrutlarından kənarda qoymamağa səy göstərir.
Dəhlizlərin böyük əhəmiyyət kəsb etdiyi hazırkı dönəmdə İran həm Ermənistanı Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizində İran ərazisindən istifadəyə qane etməyə, həm də öz ərazisindən keçən bu dəhlizin marşrutlarını artırmağı planlayır.
Ümumiyyətlə, TRIPP layihəsinin mövcudluğunu həm iqtisadi, həm də digər sahələrdə öz maraqları baxımından sərfəli hesab etməyən İranın alternativ plan üzərində işlədiyi aydın olur. Belə ki, İran Amerika Birləşmiş Ştatlarının Ermənistanda TRIPP layihəsi çərçivəsində aktivləşməsinə qarşı müxtəlif sahələrdə adekvat tədbirlər görmək niyyətindədir. İki ölkə arasında poçt xidmətlərindən tutmuş, süni intellekt, rəqəmsal hökumət və sairə sahələrdə təkliflər İranın TRIPP layihəsinə birmənalı şəkildə yanaşmadığını və bölgədə mövcudluğunu fundamental və infrastruktur sahələrində möhkəmləndirməklə öz maraqlarını təmin etməyə çalışdığını göstərir.
