Bakı.Trend:
Slovakiyada mənzil qiymətlərinin və silahlanma xərclərinin artmasına qarşı kütləvi etirazlara tələbələr də qoşulublar.
Bu barədə "Dennik N" portalı məlumat yayıb.
Cümə günü 20-dən çox Avropa ölkəsində keçirilən etiraz aksiyalarına Bratislavada yüzlərlə tələbə qatılıb. Onlar paytaxtın mərkəzi küçələri ilə yürüş edərək Slovakiya Milli Üsyanı meydanında mitinq keçiriblər.
Mitinq zamanı ölkə hakimiyyəti təhsil və səhiyyə sahələrinin kifayət qədər maliyyələşdirilməməsinə, iqlim dəyişiklikləri ilə mübarizə üçün effektiv tədbirlərin görülməməsinə, eləcə də gənc ailələrin mənzil əldə etməkdə üzləşdiyi çətinliklərə lazımi diqqət yetirilməməsinə görə tənqid olunub.
Həmçinin Avropa ölkələrinin hökumətləri hərbi xərclərin artırılmasına görə tənqid edilib.
