Bakı. Trend:
Fransa Senatı polis və jandarma əməkdaşlarının odlu silah tətbiqinin qanuniliyi prezumpsiyasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib.
Bu barədə “France-Presse” agentliyi məlumat yayıb.
Məlumata görə, sənəd 205 lehinə, 110 əleyhinə səslə qəbul edilib. Qanun layihəsi daha əvvəl parlamentin aşağı palatası tərəfindən də təsdiqlənib.
Sənədə əsasən, polis və jandarma əməkdaşları odlu silahdan istifadə etdikdə, əksi sübut olunana qədər qanun çərçivəsində hərəkət etmiş hesab ediləcəklər.
Fransanın daxili işlər naziri Loran Nünez qərarı alqışlayaraq, bunu hüquq-mühafizə orqanlarına etimadın göstəricisi adlandırıb.
Bununla yanaşı, solçu partiyalar qanun layihəsinə qarşı çıxaraq onun Konstitusiya Şurasında mübahisələndiriləcəyini bildiriblər. Sənədə qarşı parlamentin internet saytında 700 mindən çox imza toplayan petisiya da yerləşdirilib.
Qanunun qəbulu ölkədə polis və nümayişçilər arasında toqquşmaların baş verdiyi etirazlar fonunda baş tutub. Noyabrın 21-də qanuna qarşı yeni aksiyaların keçirilməsi gözlənilir.